Bir xəbər başlığının yanlış anlaşılması dünya miqyasında necə bir təşvişə səbəb ola bilər?
Qaynarinfo xəbər verir ki, "The Telegraph" qəzetinin son hadisəsi bu sualın cavabını bütün çılpaqlığı ilə ortaya qoyur.
Böyük Britaniyanın nüfuzlu nəşrlərindən biri olan "The Telegraph" ötən həftə III Dünya müharibəsinin başladığına içşarə edən xəbər başlığı ilə gündəmə gəlib. "Google"un mobil tətbiqində xəbər lentini izləyən istifadəçilər "Çin Tayvanı işğal etdi: Yaponiya müdaxilə etdi" başlığı ilə qarşılaşıblar.
Lakin bu başlıqla birlikdə təqdim olunan yazıda heç bir mətn olmayıb: yalnızca təkərləri açılmış "F-35" qırıcı təyyarəsinin fotosu yer alıb. Təxmin ediləcəyi kimi, bu başlıq qısa müddətdə böyük təşviş doğurub.
Mütəxəssislər bildirir ki, Çinin Tayvanı işğal etməsi ehtimalı uzun müddətdir qlobal təhlükəsizlik gündəmində ciddi şəkildə müzakirə olunur. Lakin bu konkret hal, real hərbi müdaxilədən çox, anlaşılmazlıq və diqqətsizlik nəticəsində yaranmış səhv kimi qiymətləndirilir.
Başlıq hər nə qədər Çin tərəfindən artıq bir işğal reallaşdırılmış təəssüratı yaratsa da, reallıqda belə bir hadisə baş verməmişdi. "Internet Archive" platformasının məlumatlarına görə, xəbəri hazırlayan redaksiya heyəti başlığı dəfələrlə dəyişib. Əslində, yazı yalnız Çin Tayvanı işğal edərsə, Yaponiyanın hansı strategiyanı izləyə biləcəyi barədə ehtimal xarakterli ssenarini təqdim edirdi. Lakin bu ssenari olduqca diqqətçəkici və provokativ başlıqla dərc olunduğu üçün ictimaiyyətdə ciddi çaşqınlığa səbəb olub.
Qeyd edək ki, bu "The Telegraph" qəzetinin ilk belə səhvi deyil. 2017-ci ildə qəzet bir köməkçi redaktorun tələskənlikdən etdiyi səhv nəticəsində şahzadə Filippin öldüyünü xəbər vermişdi. Əslində isə o, yalnız kral ailəsi ilə bağlı rəsmi vəzifələrindən təqaüdə çıxmışdı və 2021-ci ildə 99 yaşında vəfat etmişdi.
Son hadisədə də oxşar bir yanlışlığa yol verildiyi görünür. Başlıq sonradan sürətlə "Çin Tayvanı işğal etdi: Yaponiya müdaxilə etdi" ifadəsindən "Çin Tayvanı işğal edərsə, Yaponiya nə edər?" formasına düzəldilsə də, xəbərin ilk şokedici variantı internetdə sürətlə yayılıb.
Bu halın qəzetin əməkdaşlarından birinin tələsik və ehtiyatsız davranışından qaynaqlandığı ehtimal edilir. Bu səhv, süni intellekt tərəfindən yaradılan saxta xəbərlərdən fərqli olaraq, tamamilə insan faktoru ilə bağlı texniki bir yanlışlıq kimi qiymətləndirilir.
Paşa Məmmədli
Şərhlər