Misir piramidalarından da qədim: Kuba yaxınlığında batmış şəhər aşkarlandı (FOTO)
Kubanın sahillərinə yaxın okean dibində tapılan batmış şəhər alimləri heyrətə salıb.
Qaynarinfo "Daily Galaxy" nəşrinin yazdığına görə, bu şəhərin yaşı 6000 ildən çox ola bilər ki, bu da onu Misirdəki piramidalardan belə qədim edir və bəşəriyyətin tarixi ilə bağlı anlayışları yenidən nəzərdən keçirməyə əsas yaradır.
Qeyd olunur ki, bu batmış şəhər ilk dəfə 2001-ci ildə kanadalı dəniz mühəndisləri Paulina Zelitski və Pol Vaynzveyq tərəfindən Kuba sahillərində okean dibinin xəritələşdirilməsi ekspedisiyası zamanı kəşf edilib. Şəhər təxminən 600 metrlik dərinlikdə yerləşir.
Sonar skanlamaları nəticəsində piramidaları, yolları və müxtəlif tikililəri xatırladan strukturlar aşkarlanıb. "Daily Mail" yazır ki, bu tapıntılar inkişaf etmiş şəhər mərkəzinin mövcudluğuna işarə edir.
Alimlər arasında bu quruluşların mənşəyi ilə bağlı fikir ayrılığı yaranıb. Bir qrup tədqiqatçı onların insan əli ilə inşa edildiyinə əmindirsə, digər qrup bu strukturun yerləşmə dərinliyinə əsaslanaraq bunun batmış şəhər olması ehtimalını rədd edir.
Skeptiklər bildirirlər ki, əgər bu doğrudan da qədim şəhərdirsə, onun indiki dərinliyə qərq olması üçün tektonik plitələrin hərəkəti nəticəsində on minlərlə il keçməli idi. Bu səbəbdən, belə böyük dərinlikdə insan tikilisi olması şübhə doğurur.
Kuba geoloqu Manuel İturralde-Vinent də bu quruluşların insan əli ilə yaradıldığını dəfələrlə inkar edib. Lakin o, bu tapıntını qeyri-adi adlandıraraq onun daha dərindən araşdırılmasına ehtiyac olduğunu vurğulayıb.
İturralde-Vinent ehtimal edir ki, bu sualtı quruluşlar tamamilə təbii geoloji proseslərin nəticəsi ola bilər və simmetrik formalar sadəcə təsadüf ola bilər.
Lakin əgər aparılan tədqiqatlar bu şəhərin min illər əvvəl qədim bir sivilizasiya tərəfindən tikildiyini sübuta yetirsə, bu, insanlıq tarixini yenidən yazmağa səbəb ola bilər. Bu da onu göstərərdi ki, yüksək inkişaf etmiş şəhər mərkəzləri Misirlilərdən çox əvvəl mövcud olub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər