Xəbər lenti

Müharibə meydanından birbaşa Sibirə: Atom obyektlərini qoruyan azərbaycanlı (FOTO)
Foto 17:59 09.05.2025

Müharibə meydanından birbaşa Sibirə: Atom obyektlərini qoruyan azərbaycanlı (FOTO)

1945-ci ildə anti-Hitler koalisiyasının qələbəsi ilə başa çatan müharibədə Azərbaycandan 700 000 nəfər döyüşüb. Hazırda bu savaşda iştirak edənlərdən 15 nəfəri sağdır.

Sağ qalan müharibə iştirakçısı, veteranlardan biri də Tamleyxa Həsənovdur.

Qaynarinfo PhotoStock.az-a istinadən bildirir ki, İkinci Dünya müharibəsi veteranı Tamleyxa Həsənov 1921-ci ildə Culfa rayonunun Ərəfsə kəndində anadan olub.

Ən böyük arzusu müəllimlik olan T.Həsənov Naxçıvan Pedaqoji Texnikumuna daxil olur. Texnikumu bitirdikdən sonra kənd məktəbində müəllim işləyən Həsənov qısa müddət sonra cəbhəyə yollanır.

O deyir ki, müharibə illərini böyük bir kədərlə xatırlayır.

Yazı-pozunu və rus dilini bildiyi üçün müharibəyə getdikdən qısa müddət sonra onu serjant məktəbinə göndərirlər. Tamleyxa Həsənov orada hərbinin sirlərini öyrənib, kursu uğurla bitirir. 1942-45-ci illərdə müharibədə iştirak edən və ağır yaralanan Tamleyxa Həsənova öz bilik və bacarığına görə kiçik hərbi rütbə də verilir. Elə bu rütbə də müharibənin bitməsinə baxmayaraq, onun 1950-ci ilə qədər tərxis olunmayaraq orduda xidmət etməsinə səbəb olur.

Müharibədən sonra Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) atom silahlarının istehsalı prosesində Sibirdəki hərbi obyektləri mühafizə etmək üçün əsgərlərə ehtiyacı var idi, buna görə də müxtəlif yerlərdən olan bir çox əsgərlər müharibənin bitməsinə baxmayaraq, orduda saxlanılır və Sibirə göndərilirdilər. Tamleyxa Həsənov da həmin əsgərlərdən biri idi.

O, beş il Sibirdə xidmət etdikdən sonra 1950-ci ildə hərbidən tərxis edilir və kəndinə qayıdıb orada müəllim işləyir.

Sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur. Uzun illər texnikumda həm müəllim, həm də tədris işləri üzrə direktor müavini vəzifələrində işləyən Tamleyxa Həsənov bildirir ki, müəllim olmağına, həmçinin İkinci Dünya müharibəsindəki şücaətinə görə həmişə fəxr edib.
 
Bu gün İkinci Dünya müharibəsində alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir. 1939-cu il sentyabrın 1-i başlayıb, onlarla dövləti əhatə edən bu müharibə 27 milyon hərbçinin, 25 milyona yaxın dinc əhalinin ölümünə səbəb olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->