"Ukrayna-Rusiya müharibəsi artıq elə hal alıb ki, sadəcə danışıqlarla müharibəni dayandırmaq mümkün deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Vladimir Putinin Volodimir Zelenski ilə görüşünü istisna etməməsinin nəyə işarə olduğunu şərh edərkən deyib.
"Ziddiyyətli məqamların çox olduğu bir reallıqda isə Putin və Zelenskinin görüşməsi belə məsələni həll etməyəcək. Peskovun dediyi ekspertlər səviyyəsində görüşlərdən biri keçən dəfə İstanbulda nəticəsiz başa çatdı", deyə Azər Qasımov bildirib.
Ekspertə görə, əsas məsələ odur ki, Rusiyanın ambisiyaları fonunda məsələnin həlli çıxılmaz hal alıb:
"Müharibənin ilk günlərində bu məsələni həll etmək daha asan idi, nəinki indi. Hətta İstanbulda razılıq da əldə edilmişdi. Sonra Britaniyanın baş naziri Boris Conson buna mane oldu. Müharibə daha qanlı hal alınca və Putinin Qərb alyansı qarşısında müqavimət göstərmək bacarığı hasil olunca, Rusiya prezidenti daha böyük ambisiyalar iştahına düşdü".
Bu əsasda politoloq düşünür ki, qeyd edilən görüş baş tutmayacaq:
"Trampın Rusiyaya verdiyi vaxt azaldıqca Kreml özünü konstruktiv göstərməyə çalışır. Amma bu, vaxt qazanmaqdan başqa bir şey deyildir. Görüş isə heç vaxt olmayacaq. Bu müharibənin məqsədləri daha genişdir, nəinki Putinin ambisiyaları".
Azər Qasımovun fikrincə, müharibənin on ildən çox uzanma ehtimalı böyükdür:
"Tərəflərdən birinin gücdən düşməsinə kimi. Böyük ehtimalla Rusiyanın".
Politoloq Taleh Əliyev isə düşünür ki, Peskovun son açıqlaması Rusiya tərəfinin növbəti blefidir:
"Putinlə Zelenski arasında görüşün baş tutmasının ekspertlər səviyyəsində əldə olunan razılaşmadan sonra reallaşacağı bildirilir. Bu isə həmin görüşün blef olduğuna işarədir. Çünki ekspertlər səviyyəsində belə bir razılaşmanın əldə olunacağı real deyil. Maraqlı olan məqam odur ki, artıq Rusiya tərəfi, xüsusən də Putin, Zelenski ilə görüş məsələsini gündəmə gətirməklə vaxtilə inkar etdiyi proseslərin mümkünlüyünə işarə edir".
Ekspert qeyd edir ki, Peskovun bu açıqlaması həm də Rusiyanın diplomatik və psixoloji savaşda zəifləməsinin göstəricisidir:
"Deməli, müharibənin gedişində Rusiyanın qələbə çalmaq imkanları getdikcə məhdudlaşır. Belədə isə müharibə hələ bir müddət uzanacaq. Belə bir görüşün yaxın gələcək üçün reallaşması mümkün deyil. Çünki tərəflərin sülh danışıqları ilə bağlı mövqeyində heç bir yaxınlıq yoxdur. İrəlidə daha dəhşətli, qanlı müharibə gözlənilir. Müharibənin bu ilin sonuna yekunlaşması real görünmür".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov son açıqlamasında Vlaimir Putinin Ukrayna prezidenti Volodmir Zelenski ilə görüşünü istisna etmədiyini, ancaq bunun ekspertlər səviyyəsində lazımi işlər görüldükdən və lazımi yol qət edildikdən sonra baş verə biləcəyini deyib. Onun sözlərinə görə, bu iş isə "hələ görülməyib”.
Xatırladaq ki, Rusiya son günlərə qədər Zelenskini qeyri-legitim hesab edərək, Putinin onunla görüşünün mümkünsüz olduğunu bəyan edirdi. Amma ABŞ prezidenti Donald Trampın atəşkəsə nail olmaq üçün Rusiyaya 10 günlük möhlət verməsi fonunda Kreml rəsmiləri artıq Putin-Zelenski görüşünün mümkünlüyündən danışmağa başlayıblar.
Rüfət Sultan
Şərhlər