Napoleonun 1812-ci ildəki Rusiya məğlubiyyətində təkcə qış və aclıq deyil, ölümcül bakteriyalar da rol oynayıb.
Qaynarinfo xəbər verir ki, yeni bir araşdırma bu nəhəng ordunun necə məhv olduğunu üzə çıxarıb.
Napoleon və çoxmillətli əsgərlərdən ibarət ordusu 1812-ci ildə Rusiyadan geri çəkilərkən azalan ərzaq ehtiyatı və güclü rus müqaviməti ilə üzləşmişdi. Lakin onları gözləyən fəlakətin əsl miqyasından hələ xəbərsiz idilər.
300 min əsgəri nə yox etdi?
Rusiyadan geri çəkilən zaman 600 minlik ordunun ən azı yarısı, yəni 300 min nəfər dondurucu qış, aclıq və xəstəliklər səbəbindən məhv oldu. Hələ elmi baxışdan keçməyən yeni bir tədqiqat isə bu zəifləmiş birikləri qırıb keçən patogenləri müəyyən edib.
Həmin dövrdəki həkimlər qızdırma, baş ağrısı və səpkilərlə müşayiət olunan tif xəstəliyini sənədləşdirmişdilər. Lakin Paris Cité Universitetindən mikrobioloq Remi Barbieri və komandası tifusa səbəb olan Rickettsia prowazekii bakteriyasına dair heç bir iz tapa bilməyib.
İki yoluxucu bakteriya aşkarlandı
13 əsgərə aid dişlərdən qədim DNT nümunələri götürərək analiz aparan tədqiqatçılar müəyyən ediblər ki, bu şəxslər paratif xəstəliyinə səbəb olan Salmonella enterica və bədən biti vasitəsilə yayılan, Borrelia recurrentis bakteriyasının yaratdığı "təkrarlanan qızdırma” adlı xəstəlik daşıyıcısı olublar.
Tədqiqatçılar məqalədə qeyd edirlər: "Bədən biti ilə yayılan təkrarlanan qızdırma hər zaman ölümcül olmasa da, onsuz da tükənmiş vəziyyətdə olan bir insanı ciddi şəkildə zəiflədə bilər.”
Barbieri və komandası yalnız 13 nəfərdən nümunə götürüldüyünə görə tif bakteriyasına rast gəlinməməsinin, bu xəstəliyin ordunun faciəsində ümumiyyətlə rol oynamadığı anlamına gəlmədiyi barədə xəbərdarlıq edirlər.
Kütləvi qəbirlər tədqiq olunur
2001-ci ildə Litvananın Vilnüs şəhərində aşkar edilən kütləvi məzarlarda 3 mindən çox əsgərin qalıqları tapılıb.
Digər tədqiqatçılar isə tarixi sənədlərdə təsvir olunan simptomların bir neçə xəstəliyə uyğun gəldiyini və tif xəstəliyinin də bu ehtimallar arasında olduğunu bildirirlər.
Forma və atları ilə birgə dəfn olunub
Bir çox əsgər döyüş forması və atları ilə birlikdə dəfn olunmuşdu. Silahların olmaması bu insanların döyüş zamanı deyil, başqa səbəblərlə öldüyünü göstərir.
Barbieri və komandası yazır: "Napoleon ordusunun Rusiyadan geri çəkilişi zamanı hansı yoluxucu xəstəliklərin təsir etdiyini tam anlamaq üçün daha çox nümunənin analizinə ehtiyac var. Əldə etdiyimiz nəticələrə əsasən, bu əsgərlərin ölümünə səbəb olan məntiqli ssenari – yorğunluq, soyuq hava, paratif və bədən biti ilə yayılan təkrarlanan qızdırma kimi bir neçə xəstəliyin birləşməsi ola bilər.”
Günay
Şərhlər