"İmaddədin Nəsiminin məzarının Suriyadan Azərbaycana gətirilməsindən məlumatsızam".
Bunu Qaynarinfo-ya açıqlamasında Yazıçılar Birliyinin sədri Anar Rzayev deyib.
Sədr xəbəri olmadığı üçün bu məsələ ilə bağlı danışmaq istəmədiyini vurğulayıb.
Milli Məclisin deputatı Aqil Abbas Nəsiminin məzarının Suriyadan Azərbaycana gətirilməsinə qarşı çıxıb:
"Niyə gətirirlər? Mən bilmirəm bu məlumatı kim və nəyə yayıb. Nazim Hikmətin bir şeiri var: "Ölülərimizi bərəkət toxumu kimi basdırın torpağa, Gah Varnada, gah Praqada, gah İstanbulda". İndi bizim Nəsimi oranı Azərbaycan torpağı edib, müqəddəsləşdirib. Onda belə çıxır ki, Məhəmməd Əmin Rəsulzadənin, Ceyhun Hacıbəylinin, Moskvadakıların və s. hamısının məzarını Azərbaycana gətirək? Məzarın yerini dəyişmək düz deyil. Harada basdırılbsa, orada da yatmalıdır".
Millət vəkili Hikmət Babaoğlu isə Qaynarinfo-ya açıqlamasında Nəsiminin nəşinin Azərbaycana gətirilməsi ilə bağlı təklifi dəstəkləyib:
"Seyid İmaddədin Nəsiminin poeziyası, yaradıcılığı, fəlsəfəsi çox zəngindir və Azərbaycan xalqının milli təfəkkürü üzərində o qədər güclü təsirə malikdir ki, hər bir azərbaycanlıda mütləq bir Nəsimi tapmaq olur. Nəsimi əslində öz həyat-yaradıcılığı və düşüncələri ilə milli mentalitetimizi formalaşdıran dühalardan biridir. Məsələn, Nəsimi vətənpərvərlik nümunəsidir. Nəsimi mübarizə, azadlıq, dözümlülük, xalqını, millətini, dövlətini sevmək simvoludur. Nəsimi dinin doğru və düzgün dərk edilməsi üçün bir simvoldur. Nəsimi mövhumatdan uzaqdır. Allahla öz arasında vasitəçi görməyən bir hüriyyət nümunəsidir. Nəsimi Azərbaycan xalqının həyat yoluna projektor tutan bir nurdur. Elə ona görə də Nəsiminin qəbri harada olsa, elə ora hər bir azərbaycanlı üçün vətəndir".
Hikmət Babaoğlu hesab edir ki, əgər bu gün Nəsiminin nəşinin vətənə qaytarılması ilə bağlı müəyyən addımlar atılırsa, bu da təqdir olunmalıdır:
"Nəticə etibarı ilə biz hər gün Nəsiminin məzarını ziyarət edərkən bir daha nəsimiləşəcəyik. Əqidəmiz, vətənimiz, azadlığımız üçün onun qədər fədakar olmağı öyrənəcəyik".
Qeyd edək ki, Azərbaycan dövləti böyük şair və mütəfəkkir İmaddədin Nəsiminin məzarının Suriyadan Azərbaycana gətirilməsi ilə bağlı danışıqlar aparılır. Bu barədə APA məlumat yayıb.
Bahar Rüstəmli
Şərhlər