Mingəçevir şəhərində "Range Rover" markalı avtomobilinə yüksək səslə çalınan çoxtonlu səs siqnalı quraşdıran sürücü saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, 1979-cu ildə Mingəçevirdə anadan olmuş V.F. barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi üzrə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, yol polisi əməkdaşları tərəfindən saxlanılan avtomobildə icazəsiz şəkildə yüksək səslə çalınan çoxtonlu siqnalın quraşdırılması barədə raport hazırlanıb. Qanunsuz səs siqnalı nəqliyyat vasitəsindən sökülüb.
Məhkəmədə V.F. törətdiyi inzibati xətanı etiraf edərək, onun barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbiri görülməsini xahiş edib. Məhkəmənin qərarı ilə sürücü 500 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, İXM-in 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları, eləcə də operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsi, yaxud dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtük və qurğular, sürət ölçmə cihazlarının işinə mane olan texniki vasitələr (antiradar və s.) quraşdırılması, həmçinin əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsi – həmin vasitələrin müsadirə olunması şərti ilə 500 manatdan 800 manatadək cərimə ilə nəticələnir.
Aydın
Şərhlər