Xəbər lenti

Rusiya və Belarusdan qadağan olunmuş taxta qanunsuz yolla Britaniyaya aparılır
Dünya 14:00 23.04.2025

Rusiya və Belarusdan qadağan olunmuş taxta qanunsuz yolla Britaniyaya aparılır

Böyük Britaniyaya gətirilən "ekoloji təmiz" kimi təqdim edilən taxta məhsullarının təxminən yarısının mənşəyi saxtalaşdırılıb və onların əslində Rusiyadan və Belarusdan olduğu ehtimal edilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

"World Forest ID" təşkilatının analitikləri bir sıra ağcaqayın məhsullarının mənşəyinə dair iddiaların doğruluğunu yoxlayıb. Analizlər göstərib ki, nümunələrin 46 faizinin etiketində qeyd olunan ölkə - Ukrayna, Polşa, Estoniya və Latviya - ilə faktiki mənşə uyğun gəlmir.

Tədqiqatçılar ağac nümunələrinin mənşəyini müəyyən etmək üçün sabit izotopların nisbətini analiz edən metoddan istifadə ediblər. Bu üsulla ağacın böyüdüyü əraziyə aid spesifik torpaq, su və işıqlandırma şəraitinin təsiri ilə formalaşan kimyəvi tərkibi müqayisə edilib. Nəticələrə əsasən, nümunələrin böyük hissəsinin Rusiyadan və ya Belarusdan gətirildiyi müəyyən olunub.

Avropa İttifaqı və Böyük Britaniya, Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra Rusiya və Belarusdan taxta məhsullarının idxalına sanksiyalar tətbiq etmişdi. Bununla belə, aparılan analizlər göstərir ki, bu məhsullar müxtəlif ölkələr - xüsusilə Qazaxıstan və Türkiyə -  vasitəsilə dolayısı ilə Avropaya daxil edilir.

"Timber Development UK" təşkilatının icraçı direktoru Devid Hopkins bildirib ki, Rusiyadan gələn ağcaqayın əsas təchizat mənbəyi olaraq qalır və bu, sanksiyaların pozulması ilə nəticələnir. Onun sözlərinə görə, Finlyandiyada az sayda istehsalçı olsa da, Avropa bazarında təqdim olunan böyük həcmdə ağcaqayın materialı yalnız Rusiyadan gələ bilər.

Ticarət məlumatları da bu qanunsuz dövriyyəni təsdiqləyir. 2021-ci ildə Qazaxıstandan Avropa ölkələrinə yalnız 600 ton kontrplak ixrac olunmuşdusa, 2022-ci ildə bu rəqəm 25 600 tona yüksəlib. Eyni zamanda, 2022-2023-cü illərdə Polşaya Qazaxıstan mənşəli taxta idxalı 14 milyon avrodan 68 milyon avroya qədər artıb.

2022-ci ilin mart ayında Avropa İttifaqı Belarusdan gələn taxta məhsullarına qarşı da sanksiyalar tətbiq etmişdi. Lakin bu sanksiyalardan yayınmaq üçün bəzi ixracatçılar məhsulları Qazaxıstan və digər ölkələr vasitəsilə Avropaya göndərərək saxta mənşə sənədləri təqdim edirlər. Bu yolla Avropa İttifaqına daxil olan Rusiya mənşəli taxta məhsullarının ümumi dəyəri 1,5 milyard avronu keçib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->