Doğrusu, çox, bir xeyli götür-qoy etdim: yazım, ya yazmayım? Fikirləşdim ki, köhnə dostum yazçıçı-jurnalist Əlisa Nicatın bəlkə nəsə xoşuna gəlməyəcək, ya da Yazıçılar Birliyindən (oxusalar!) kimsə nəyisə bəyənməyəcək.
Di gəl, həm mövzunun özü mənə maraqlı gəlirdi, həm də düşündüm ki, yəqin başa düşərlər məni, çünki mənim burada yazacaqlarım bir oxucunun qeydlərindən və ya onun keçmişdəki ədəbi təəssüratlarından artığına iddialı deyil.
Bəli, mən nə ədəbiyyatşünas – tənqidçiyəm, nə də bu cür polemikalarda hnsısa marağı olan bir kəs.
Amma o da var ki, bəzən ən adi ədəbiyyat həvəskarı bəzi məsələlərdə daha diqqətli və həssas olur, nəinki bu sahənin peşəkarları. Vaxtilə jurnalist dostum Elmar Hüseynov deyirdi ki, həvəsi olan qeyri-peşəkar bəzən həvəssiz peşəkardan daha faydalı olur - əlbəttə, bir zarafatdır bu...
Keçək mətləbə. Sovetin vaxtı idi. "Azərbaycan” ədəbi jurnalında Mehdixan Vəkilovun qardaşı Səməd Vurğun haqqında xatirələri dərc olunmuşdu. O vaxtdan bir detal yadımda qalıb.
Balaca Səmədi yaşına görə Qazax müəllimlər seminariyasına qəbul etmirlərmiş. O, əlini sinəsinin üstünə qoyub seminariyanın direktoruna deyir: "Sən heç bilirsən, burada nələr var?”. Səmədin bu hərəkəti seminariyanın direktoru Firudin bəy Köçərliyə o qədər təsir edir ki, o, balaca Səmədi seminariyaya qəbul edir! Bəli, səhv etmirəmsə, yaddaşım aldatmırsa, məhz belə idi...
Amma bu da hələ hamısı deyil. Bir neçə il keçəcəkdi, mən, keçmiş rayon uşağı, Səməd Vurğunun Bakıdakı heykəlini görəcəkdim. Bu heykəldə də Səməd Vurğunun əli sinəsində - ürəyinin üstündədir.
İndi müxtəsəri: bilirsinizmi, bunları niyə görə deyirəm? İnsanları qəhrəman ola bilmədiklərinə görə qınamaq lazım deyil – hamı qəhrəman ola bilmir, o cümlədən də şair və yazıçıların böyük əksəriyyəti.
O ki qaldı Vurğunun poeziyasına, mən bu vaxta qədər çox müşahidə etmişəm ki, heç kim bir şeyi inkar edə bilmir: Səməd Vurğun həqiqətən çox istedadlı adam olub. Bəlkə başqa dövrdə yaşasaydı o, daha qüdrətli əsərlər yazardı. Amma nə etmək olar?
O, sovetlərin dövründə yaşadı, yaratdı və etiraf etmək lazımdır ki, hətta Hüseyn Cavid, Əhməd Cavad və b. kimi ola bilmədi.
Amma ədiblərə və ya sənət adamlarına repressiyaya, siyasi təqiblərə məruz qalıb-qalmamasına görə qiymət verməməliyik, çünki Hötedən böyük şair bəlkə olmayıb, amma o, çox sakit həyat keçirib məncə!
Hələ sovet keçmişmizdəki bir misalı demirəm: Şoloxov hansı təqibə məruz qalmışdı? Gəl, kim inkar edər ki, həqiqətən böyük yazıçı idi bu adam?
Amma yenə də bizim daha çox müasir ədibin və yaxud tənqidçinin fikir budur ki, çox böyük istedad sahibi olmasına baxmayaraq, Vurğunun yazdıqlarının böyük əksəriyyəti gələcəkdə yalnız akademik maraq kəsb edəcək və buna daha çox Azərbaycan sovet ədəbiyyatından mühazirələr oxuyan professorlar toxunacaqlar.
Fəqət gəlin bir az tələsməyək. Əvvəlcə ərz edim ki, burada yadıma bir detal düşür. Daha doğrusu, bu söhbəti mənə danışıblar. Özüm iştirakçısı olmamışam, mənə sadəcə, bunu söyləyiblər.
Səməd Vurğunun oğlu Vaqif Səmədoğlu deyəsən, "Müsavat” partiyasının üzvü idi.
Rəhmətlik hərdən gəlib-gedərdi partiyaya. Hətta partiyanın kiçik funksionerlərindən birinə ad da qoymuşdu: partkom Söyün!
Burada əvvəlcə bir məqamı qeyd etmək istəyirəm. Neçə illər bundan əvvəl "Azadlıq” radiosunun saytında yazmışdım ki, Səməd Vurğunun iki böyük əsəri də var: Yusif və Vaqif Səmədoğlular...
Digər bir məqamsa budur ki, məni bir oxucu kimi həmişə bir məsələ düşündürüb. Yusif də, Vaqif də şəhərdə böyüyüblər, necə deyərlər, "şəhər uşaqları” olublar, amma, ilahi, bunların əsərlərində bizim Qərb bölgəsinin necə bir əsrarəngiz şirinliyi var! Yusif Səmədoğlunun "Qətl günü”ndəki, Vaqif Səmədoğlunun isə komediyalarındakı hətta adlar nə qədər şirindir: Tatar Temir, Moşu, doxtur Mahmud, Zülfüqar kişi...
Mən bu şirinliyi əslən bizim o bölgədən olan sonrakı nəsil yazıçılarımızın da əsərlərində çox axtarmışam, amma çox təəssüf, tapa bilməmişəm.
Qayıdaq əsas məsələyə. Mənə danışılanlara görə, guya bir dəfə Vaqif Səmədoğlu deyibmiş ki, Səməd Vurğundan bir şair kimi beş-on gözəl şeir yadigar qalacaq bizə.
Bir daha deyirəm: mən söhbətdə olmamışam, bilmirəm, o, həqiqətən də belə deyib, ya yox? Mənə sadəcə, belə danışıblar.
Təkrar ərz edirəm hüzurunuzda ki, çox təəssüf, dəqiq bilmirəm, fəqət, Vaqif bəy həqiqətən də belə deyibsə, düşünürəm, ondan mötəbər qiymət verən tapılmaz Səməd Vurğunun yaradıcılığına.
Birincisi, ona görə ki, Vaqif bəy Vurğunun oğlu idi, onu atasına qarşı qərəzdə ittiham etmək olmaz.
İkincisi, Vaqif Səmədoğlu bizim hamımızdan (başqalarını bilmirəm, şəxsən məndən!) daha yaxşı bilirdi əsl böyük poeziya nədir, çünki o özü bizim ən böyük şairlərimizdən biri idi.
Amma bir daha, təkrar-təkrar deyirəm ki, şəxsən özüm Vaqif bəyin Vurğun haqqında bu sözlərinin şahidi olmamışam – mənə danışılanı deyirəm sizə.
O ki qaldı bir keçmiş oxucu kimi şəxsən özümün Səməd Vurğun haqqında təəssüratıma, düşünürəm, çox kateqorik olmaq lazım deyil, Səməd Vurğundan çox şey qalacaq. Bu, tək ona yox, bizim digər sovet şairlərinə də aiddir.
Söhbət iyirminci əsrin birinci yarısında yazıb-yaradan şairlərdən gedir. Əsrin ikinci yarısında nə qədər istedadlı gənclər gəldi ədəbiyyata, hansıları ki, sovet şairi adlandırmağa adamın dili belə gəlmir. O ki qaldı birinci nəsil sovet ədiblərinə, Rəsul Rzanı, hətta Süleyman Rüstəmi inkar etmək mümkün olarmı? Mən digər şair - yazıçılarımızı, xüsusən sovet repressiyasına məruz qalanları demirəm: onlar bizim iyirminci əsr ədəbiyyatımızın daha bir qızıl səhifəsi kimi qalacaqlar.
Qaldı Səməd Vurğuna, onun bütün əsərlərindən, nəinki "Komsomol” poemasından, "Vaqif” dramından, hətta "Muğan” poemasından elə parçalar (bəli, çox təəssüf, parçalar) seçmək olar ki, bu adamın necə böyük istedad sahibi olduğu görünər!
Axı kim hətta "Komsomol” poemasındakı belə şirin misraları unudar:
Nə ömrə acıyır, nə yaşa dünya,
Biz gəldi gedərik, sən yaşa, dünya...
Və yaxud kim yaşının müəyyən bir çağında özü-özünə "Şair, nə tez qocaldın, sən” deməyib?..
Zaman sərhədi tanımayan yazarlar o qədər də çox deyil. Sənət adamlarının böyük əksəriyyətinin yaradıcılığına həm də zamanın konteksindən-proyeksiyasından baxmaq lazımdır. İyirminci əsrdə dünya intelellektuallarının çoxu solçu, hətta kommunist olub, onların arasında neçə Nobel mükafatı laureatları olub!
Məsələn, mən oxucu kimi hətta "Zəncinin arzuları” poemasına (bu sözlər sonradan bizdə hətta ironik zərb-məsələ çevrildi: indi də kimsə nəsə qeyri-real bir şey deyəndə qayıdırq ki, bəli, zəncinin arzuları!) anlaşıqla yanaşıram. Məgər iyirminci əsrin ikinci yarısında ABŞ-da qaradərililərin hüquqları uğrunda, ümumiyyətlə, vətəndaş hüquqları uğrunda çox böyük hərəkat olmadımı? O dövrdə qara dərili Martin Lüter Kinq olmamışdımı ki, onu hətta indinin özündə də ABŞ-ın milli qəhrəmanı elan etmək haqda çağırışlar səslənir!..
Bir vaxtlar hətta Çe Gevara Avropanın bütün romantik gəncliyinin sevimlisi-kumiri deyildimi? Bunlar olmayıbmı və yaxud da yoxdurmu?
Bir kənddə "yeni quruluş” quran bir neçə komsomolçu gənc niyə bizə belə qəribə görünür? Bəli, o vaxtlar həm də siyasi romantizm dövrü idi, indi insanlar daha "realist” olublar! Mən hələ uzaq yaponların "Yeddi samuray”ını demirəm...
Sonda bir daha deyirəm: bu bir-iki cümlə oxucu qeydlərindən artığına iddialı deyil.
Amma oxucu kimi də düşünürəm ki, bizim Azərbaycan sovet ədəbiyyatı ilə bağlı daha ciddi müzakirələrə ehtiyac var.
Əlbəttə, bu, akademik səviyyədə, elmi şəkildə aparılsa, daha yaxşı olar, çünki yetmiş ilin ədəbiyyatını tamam kənara ata bilmərik, amma onu sovetin dövründə təqdim olunan kimi də qəbul edə bilmərik: bu şairlər, yazıçılar yenidən süzgəcdən keçirilib öyrənilməlidir, özü də monoqrafik formada...
Həm də əsl sovet ədəbiyyatı faktiki olaraq əlli il, iyirminci əsrin ikinci yarısına qədər mövcud oldu.
Bundan sonra bizim ədəbiyyata da yeni nəfəs gəldi, elə yazıçılar və şairlər gəldi ki, onları sovetlə bağlayan daha çox o dövrdə yaşamaqları idi. Elə götürək Yusif və Vaqif Səmədoğlu qardaşlarını: onları heç sovet yazıçısı və şairi kimi qəbul etmək mümkündürmü?..
Hüseynbala Səlimov
Şərhlər