Keçmiş dissident, marksist filosof, 1989-cu il Macarıstan etirazlarının rəhbərlərindən biri olmuş Qaşpar Tamaş o hadisələrdən 30 il sonra "Şərqi Avropa tarixin zibilliyində” adlı məqaləsində yazırdı:
"Qərb bizi liberal-demokratik inqilablara yönəldir, eyni zamanda da özünün şərti qaydaları ilə oynanılan bu səmimi tamaşanı lağa qoyurdu. Mən 1988-1989-cu illərdə Budapeşt və digər şəhərlərdəki böyük mitinqlərdə çıxış edəndə tez-tez Qərb jurnalistlərinə və diplomatlarına müsahibələr verirdim. Onlar təkəbbürlü təbəssümlə sanki soruşurdular: "Bizim sizə təbliğ etmək üçün pul aldığımız bu bayağılıqlara doğrudanmı ciddi yanaşırsınız?”
Bunu etiraf etmək üçün siyasətçiyə 30 il vaxt gərəkmiş. Və heyf ki, bu etiraf heç nəyi dəyişmir. Qatar artıq gedib.
Yaxud Qaşpar Tamaşın daha bir etirafı:
"Macar müxalifətinin bütün liderləri 1980-ci illərdə Qərbdə olmuşdular. Biz Ronald Reyqanın kim olduğunu görürdük. Biz 1973-cü ildə Çilidə nələrin baş verdiyini bilirdik. Ancaq biz kapitalizmi bütün qüsurları ilə qəbul etdik, həm də onun Skandinaviya modelini yox, Amerika modelini...”
Fərdi məsuliyyətdən yaxa qurtarmaq üçün bu sözlərin bəlkə də hansısa dəyəri ola bilər, ancaq gəl taleyi məhv edilmiş yüz minlərlə insanı ovundur. Əlbəttə, nonsensdir.
O uzaq illərdə siyasətçilər kimisi qəsdən, kimisi aldanaraq xalqlara "kapitalizm cənnati”ni təbliğ etdi, xalqlar da "Ura” sədaları altında Aidin səltənətinə daxil oldu. Halbuki yalnız Latın Amerikasında baş verənləri görüb hər şeyi anlamaq o qədər bəsit və üzdə idi ki!
Əvvəla, "Açıq cəmiyyət” yalnız bəziləri üçün açıqdır - Popper və Fukuyama sizi nə qədər aldatmağa cəhd etsələr də. İkincisi, hazırkı düzəndə demokratiya dedikdə məhz burjua demokratiyası nəzərdə tutulur - bu isə vur-tut burjualar üçün "demokratiya”dır. Üçüncüsü, müasir neoliberal düzəndə Seçim azadlığı heç də kütlələrin inanmaq istədiyi, xoş finala aparan müxtəlif yollar arasından seçmək azadlığı deyil. Yəni, əvvəlcədən bu seçim pislə lap pislər arasında seçmək azadlığı ilə məhdudlaşdırılıb.
Yəni, sən sosializmlə sosial-demokratiya arasında seçməməlisən - bu variantlardan heç biri təqdim olunan menyüyə daxil deyil. Xalqlara isə deyirlər: buyur seç - "müstəmləkə demokratiyası”, millətçilik, neonasizm, dini fundamentalizm və periferiya kapitalizmi arasından! Kimsə durub desəydi ki, bağışlayın, cənablar, mən sosializmi seçirəm, həmin şəxsi ostrakiya gözləyəcəkdi, o, terrorçu, qiyamçı, retroqrad, Vətən xaini, stalinist, totalitar diktatura təbliğçisi və s. və i. kimi yarlıklarla "bəzədilərək” ən yüngül halda marginal və "ağ qarğa” olacaqdı...
Bir sözlə, 1980-ların sonlarında mütərəqqi ideologiyalar təklif olunan dəstdən çıxarıldı. Əgər əvvəl mübarizə kapitalizmlə Sol ideologiya arasında gedirdisə, sonuncunun məğlub edilməsi ilə boşluğu yalnız destruktiv ideologiyalarla doldurdular. Nəticədə bəşəriyyətə siyasi din, məzhəbçilik, millətçilik və neoliberalizmin ifrat formaları təklif olundu. Və bu təbliğatın sonu görünmür.
Vaxtilə Alber Kamyu özünün "Çörək və Azadlıq” essesində yazırdı: "Deyəndə ki, Azadlıq - burjua uydurmasıdır, bu ifadədə bir sözün yeri səhv düşmüşdü. Azadlıq - burjua uydurması deyil, burjua azadlığı - uydurmadır”.
***
2011-ci ildə Suriyada ilk etirazlar başlayanda ölkənin bir çox tanınmış intellektualı və ictimai xadimi açıq məktubla çıxış edərək Bəşər Əsədi istefaya çağırdı. Onların arasında məşhur şair Adonis və Suriyanın yeganə kosmonavtı Məhəmməd Faris də vardı.
Həmişə Əsəd hakimiyyətinə loyal olmuş, ona xidmət etmiş və imtiyazlardan yararlanmış bu şəxslər indi də "inqilabçılar”ı müdafiə edtməyə başlamışdılar. Qısa zaman keçdi, onlar anladılar ki, həyatlarına təhlükə Bəşər Əsəddən yox, "inqilabçılar”dan gəlir. Ancaq artıq gec idi - müharibə alovu ölkəni bürümüş, "inqilabçılar”ın vəhşilikləri intellektualları qorxuya salmış, hamısı başını götürüb ölkədən qaçmışdılar. Həmin vaxt onlara illər sonra Suriyada hakimiyyətə hansı qüvvələrin yiyələnəcəyini demək mümkün olsaydı, təbii ki, bunu yuxu və ya nağıl sayardılar.
Əsas isə o idi ki, onlar müharibənin əsl benesiarlarına xidmət göstərdilər - "inqilab”ı dəstəklədilər.
***
Tamaş Qaspar 1990-cı ildə Macarıstan parlamentinin deputatı seçildi. Onun liberalların nümayəndəsi kimi parlamentdə əyləşdiyi ilk iki ildə 2 milyon macar iş yerini itirdi. "Bu, mənim həyatımın ən böyük biabırçılığıdır” deyən Qaşpar yenidən marksizmə qayıtdı və ömrünün sonuna qədər (O, 2023-cü ildə vəfat edib) Macarıstanın aparıcı Sol düşüncə adamlarından biri olaraq qaldı...
Məmməd Süleymanov
Şərhlər