Xəbər lenti

Azərbaycan neftin ucuzlaşması tendensiyasına hazırdırmı? - İlham Şaban
Ekonomiks 17:50 02.05.2025

Azərbaycan neftin ucuzlaşması tendensiyasına hazırdırmı? - İlham Şaban

"Builki Azərbaycan büdcəsi neftin ucuzlaşması tendensiyasına ümumən hazırdır".

Qaynarinfo-ya açıqlamasında bunu neft-qaz məsələləri üzrə ekspert İlham Şaban Azərbaycan neftinin qiymətinin 63 dollara enməsi fonunda ölkəmizin prosesə hazırlıq səviyyəsini şərh edərkən deyib: 

"Dünyada iqtisadi vəziyyət, yaradılan əngəllər, ABŞ-ın sonradan 90 günə ertələnsə də, 185 ölkəyə qarşı yeni tariflər irəli sürməsi mal və məhsulların bahalaşması demək olacaq ki, bu da onların satılması səviyyəsinin azalmasına səbəb olacaq. Çünki insanların qazancı azalır. Dövlətlər əvvəlki dövrlərlə müqayisədə öz qazanclarının xeyli hissəsini təhlükəsizlik məsələlərinə yönəldirsə, insanlarda olan pul kütləsi də azalır. Bu fonda istehsal da azalmağa meyilli olacaq. Deməli, bu fonda daha az enerji sərfiyyatı lazım gələcək. Ona görə də hələ ki, neftin qiymətində artıma doğru hansısa bir addım görünmür. 

Buna rəğmən, Azərbaycanda büdcəyə yenidən baxılaraq, bir barrel neft üçün götürülən 70 dollarlıq məbləğin azaldılması barədə qərar qəbul ediləcəyini də gözləmirəm. Çünki hökumət öz qarşısına cari il üçün artıq planlarını qoyub. 41 milyard manatlıq xərc hissəsi olan həmin vəsait də məhz xərcləri qarşılamaq üçündür. Digər tərəfdən, bu vəzifələrin icrası üçün Neft Fondu, həmçinin Maliyyə Nazirliyinin də ehtiyatları var. Ən əsası büdcə vəsaitləri daha rasional xərclənir. Onu da nəzərə alaq ki, birinci rübdə Azərbaycan neftinin ixrac qiyməti ortalama 76 dollar olub”. 
 


O baxımdan həmsöhbətimiz neftin qiymətinin düşməsinin Azərbaycan büdcəsinə təsirinin kifayət qədər kritik həddə olduğunu düşünmür: 

"Orta qiymət 65 dollar olsa belə, büdcə qarşısında duran vəzifələr reallaşacaq. Gərginlik hiss etməyəcəyik”.

İ. Şaban mövcud şəraitdə neftin qiymətinin 50 dollara enməsi ehtimalını isə yaxına buraxmır: 

"Nedtin qiyməti bir gün və yaxud bir saat ərzində 50 dollara da düşə bilər. Necə ki, aprelin 9-da 58,31 dollar oldu. Ancaq orta qiymətin 50 dollar olması üçün ilin birinci yarısında 65 dollar olarsa, ikinci yarıda qiymət 35 dollara düşməlidir. Bu isə ağlasığmazdır”. 

Qeyd edək ki, bir müddətdir dünya bazarında neftin qiyməti enməkdə davam edir. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,37 ABŞ dollar, yaxud 2,1 % azalaraq 63,76 dollar təşkil edib.

"Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 61,54 ABŞ dollar olub. Prosesin belə davam etməsi fonunda hətta "qara qızıl”ın qiymətinin daha enəcəyi də istisna edilmir. Hətta bəzi ekspertlər 50 dollara düşməsi ehtimalını da fərz edirlər. Azərbaycan isə büdcədə neftin bir barrelinin qiymətini 70 dollardan götürüb.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->