"TikTok" platformasının sahibi olan "ByteDance" şirkəti İrlandiya nəzarət orqanlarının qərarı ilə tətbiq olunan 530 milyon avro məbləğindəki cəriməyə etiraz edəcəyini açıqlayıb.
Qaynarinfo bu barədə Belçikanın "Soir" nəşrinə istinadla xəbər verir.
Şirkətin Avropadakı rəsmi nümayəndəsi Kristin Qranın sözlərinə görə, "TikTok" heç vaxt Avropa İttifaqı istifadəçilərinin şəxsi məlumatlarını Çin hakimiyyətinə ötürməyib və bu barədə heç bir rəsmi sorğu almayıb.
Qeyd edək ki, daha əvvəl Avropa İttifaqı adından fəaliyyət göstərən İrlandiya məlumatların qorunması komissiyası "TikTok"un avropalı istifadəçilərin məlumatlarını Çində yerləşdirdiyini müəyyən etmişdi. Bu səbəbdən şirkətə yüksək məbləğdə cərimə tətbiq edilib və ona məlumatların işlənməsini altı ay ərzində tələblərə uyğunlaşdırmaq tapşırılıb.
Xatırladaq ki, bu ilin aprelində "TikTok" sosial şəbəkəsinin ABŞ-dakı aktivlərinin satışına dair razılaşma Çin tərəfinin təşəbbüsü ilə pozulmuşdu. Razılaşmanın ləğv edilməsinə səbəb isə ABŞ prezidenti Donald Tramp administrasiyasının Çinə qarşı tətbiq etdiyi yeni rüsumlar olmuşdu.
Aydın
Şərhlər