Tarixdəki yeganə albinos qorilla: "Snowball"un həyat hekayəsi
Süd rəngində tükləri, çəhrayı dərisi və dələdici baxışları ilə məşhurlaşan "Qar topu" (Snowball) adlı qorilla bəşəriyyətin indiyədək gördüyü yeganə albin qorilla olub.
Qaynarinfo xəbər verir ki, onun hekayəsi 1966-cı ilin 1 oktyabrında Ekvatorial Qvineyanın Nko meşələrində başlayıb.
Fermerlər banan və qəhvə yeyən bir dişi qorillanı vurduqdan sonra onun əlində qar kimi ağ bir balaya rast gəliblər. "Ağ qorilla" adlandırdıqları bu nadir heyvan bir müddət kənddə saxlanılıb. Bir ay sonra ispaniyalı primatoloq Xordi Sabater Pi bu qeyri-adi qorillanı alaraq Barselona zooparkına aparıb və orada ona "Qar topu" (Snowball) adı verilib.
1966-cı ilin dekabrında ictimaiyyətə təqdim olunan "Qar topu” dərhal böyük maraq doğurub. Onun fotosu 1967-ci ilin mart sayında "National Geographic” jurnalının üz qabığında yer alıb və "Dünyanın ilk ağ qorillası” başlığı ilə nəşr olunub.
Baytar həkimlər "Qar topu”nda nesindromik okulokutan albinizm olduğunu aşkar ediblər. Bu genetik xəstəlik nəticəsində orqanizmdə melanin – dərinin, saçın və gözün rəngini verən piqment – sintez olunmur. Bu, həm də görmə problemlərinə səbəb ola bilər.
2013-cü ildə Barselonadakı Təkamül Biologiyası İnstitutunun alimləri qorillanın albinizminin genetik səbəblərini araşdırıblar. Nəticələrə əsasən, onun genofondunda yaxın qohumların cütləşməsi (inbriding) qeydə alınıb. Araşdırmaçılardan biri ehtimal edib ki, onun babası albinizm geninin daşıyıcısı olub və nəsildə bu genin iki nüsxəsi birləşərək "Qar topu”nun albin doğulmasına səbəb olub.
Barselona zooparkında yaşadığı müddətdə "Qar topu” bəzən aqressiv və tənhalığa meyilli davranışları ilə seçildiyi üçün ona müəyyən dövrlərdə antidepressantlar təyin olunub. Lakin bu, onun çoxalma qabiliyyətinə təsir etməyib. "Qar topu” üç dişi qorilladan ən azı 21 bala və daha sonra nəvələr dünyaya gətirib.
2003-cü ildə təxminən 40 yaşında olarkən o, nadir dəri xərçəngi səbəbindən ölüb. Alimlər bu xəstəliyin onun piqmentsiz dəriyə sahib olması ilə bağlı ola biləcəyini bildiriblər.
Albinos qorillaya indiyədək bir daha rast gəlinməyib. Lakin məqalədə qeyd olunur ki, dünyada albin olan yeganə oranqutan "Alba” adlı bir dişi meymun da qeydə alınıb. O, uzun müddət əsarətdə yaşadıqdan sonra hazırda Borneonun meşələrində sərbəst həyat sürür.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər