Böyük Britaniya yalnız Rusiya ilə atəşkəs əldə olunduqdan sonra Ukraynaya öz qoşunlarını göndərməyə hazırdır.
Qaynarinfo xəbər verir ki, bu barədə müdafiə naziri Con Hili BBC-yə müsahibəsində
bildirib.
Jurnalistlərlə söhbətində o qeyd edib ki, "istəklilər koalisiyası” atəşkəsin ilk günü Ukraynaya qoşun göndərməyə, sülhün təmin olunmasına kömək etməyə hazırdır.
"Atəşkəs halında biz britaniyalı hərbçiləri Ukraynaya göndərməyə hazırıq. Onlar ("istəklilər koalisiyası” – UNİAN) hərəkətə keçməyə hazırdırlar, ilk gündən fəaliyyət göstərə bilərlər”, – Hili deyib.
Böyük Britaniyanın müdafiə naziri Rusiyanın yenidən Ukraynaya hücum edəcəyi halda britaniya qoşunlarının orada nə edəcəyi ilə bağlı suala birbaşa cavab verməyib. Bununla belə, o vurğulayıb ki, britaniya hərbçiləri hücuma məruz qaldıqları halda özlərini müdafiə etmək hüququna malikdirlər.
Hilinin sözlərinə görə, Böyük Britaniya və Fransa tərəfindən yaradılmış "istəklilər koalisiyası”nın əsas məqsədi Ukraynanın özünü təhlükəsiz hiss etməsini təmin etmək, həmçinin gələcəkdə Rusiyanı çəkindirmək üçün silahlı qüvvələrini bərpa etməsinə imkan yaratmaqdır.
"Ən sonda, Rusiyanın təkrar işğalına və ya yenidən qruplaşaraq Ukraynaya qarşı aqressiyanı bərpa etməsinə qarşı ən güclü çəkindirici amil Ukraynanın gücüdür”, – Britaniya müdafiə naziri əlavə edib.
Bundan əvvəl "The Times” yazmışdı ki, Britaniya hərbi rəhbərliyi Ukrayna limanlarını və şəhərlərini qorumaq üçün 30 minlik kontingentin yerləşdirilməsi ideyasından imtina edib. Onun əvəzində London Rusiyaya təzyiqi davam etdirmək üçün daha sərt sanksiyalar tətbiq etməyi planlaşdırır.
Qeyd olunur ki, çərşənbə günü ABŞ prezidenti Donald Tramp və Aİ ölkələrinin liderləri ilə virtual görüşdən sonra Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib ki, Böyük Britaniyanın və digər Avropa dövlətlərinin atəşkəs barədə razılıq əldə olunduqdan sonra Ukraynada "təsdiqləmə qüvvələri” yerləşdirməklə bağlı əsaslandırılmış planları var.
Alpər
Şərhlər