"Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Rusiya Amerika ilə iqtisadi əməkdaşlıqda maraqlıdır və o, Putinlə ortaq biznes haqqında danışmağa hazırdır, ancaq Ukraynada müharibə həll olunandan sonra".
Qaynarinfo "Ukrinform"a istinadən xəbər verir ki, Tramp bu barədə Alyaska sammitindən əvvəl təyyarədə jurnalistlərə bildirib.
"Mən görürəm ki, Putin Rusiyadan çoxlu iş adamları gətirir. Bu, yaxşıdır, mənim xoşuma gəlir, çünki onlar bizneslə məşğul olmaq istəyirlər, amma biz müharibəni həll etməyənə qədər iş görməyəcəyik", deyə Tramp qeyd edib.
"Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Ukraynaya qarşı davamlı hücumlar onun danışıqlardakı mövqeyini gücləndirir. Əslində, bu, yalnız ona zərər verir. Bu barədə onunla sonra danışacam", deyə ABŞ prezidenti əlavə edib.
Prezident vurğulayıb ki, Alyaskada danışıqlar zamanı ərazi mübadilələri müzakirə olunacaq, lakin o, son qərarı Ukraynaya verməlidir: "Düşünürəm ki, ukraynalılar düzgün qərar verəcəklər. Mən Ukrayna üçün danışıqlar aparmaq məqsədi ilə burada deyiləm. Mən hamını danışıqlar masasına oturtmaq üçün buradayam. Əgər irəliləyiş əldə etsək, bunu müzakirə edəcəyəm".
Trampın sözlərinə görə, ABŞ Avropa ölkələri ilə birlikdə Ukraynaya müəyyən təhlükəsizlik zəmanətləri verəcək, lakin bu, NATO-nun himayəsi altında həyata keçirilməyəcək.
ABŞ prezidenti Putinlə bugünkü danışıqlarla bağlı müəyyən nikbinlik ifadə edib: "Hər iki tərəfdə qarşılıqlı hörmət var. Və məncə, bundan nəsə çıxacaq".
Eyni zamanda, Amerika prezidenti xatırladıb ki, Rusiya iqtisadiyyatı çətin günlər yaşayır, ona görə də danışıqlar nəticə verməsə, Rusiyanı daha böyük problemlər gözləyir.
Rusiyaya qarşı yeni sanksiyaların mümkünlüyü ilə bağlı sualı cavablandıran Tramp deyib: "Çox ciddi iqtisadi nəticələr olacaq. Mən bunu təbii ki, sağlamlığım üçün etmirəm? Mən bunu çoxlarının həyatını xilas etmək üçün edirəm. Deməli, çox ciddi iqtisadi nəticələr olacaq".
Aydın
Şərhlər