Vladimir Putin ABŞ və Avropanın təzyiqlərinə məruz qalmağa hazır olmalıdır – əgər danışıqlar masasına oturmaqdan imtina etməyə davam edərsə, ona qarşı "ölçülər görüləcək”.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatını Almaniyanın xarici işlər naziri İohan Vadeful açıqlayıb. Bu haqda "Sueddeutsche Zeitung” məlumat
yayıb.
Nəşrin bildirdiyinə görə, Almaniya xarici işlər naziri ABŞ-a ilk səfərini həyata keçirib və orada dövlət katibi Rubio ilə görüşüb. Vadefulun bu səfəri, həmçinin Almaniya kansleri Fridrix Mersin Vaşinqtona planlaşdırılan səfərinin hazırlığı məqsədi daşıyırdı.
Görüşdə əsas müzakirə mövzularından biri də Ukraynada müharibəyə son qoyulması olub. Alman nazir bildirib ki, "atəşkəsin dərhal elan olunması məsələsində razılıq var” və Ukrayna buna hazırdır, lakin Rusiya hələ də razı deyil.
"Bu səbəbdən biz bu gün razılaşdıq ki, Putini nəhayət danışıqlar masasına oturtmaq üçün növbəti addımları sıx koordinasiya edək”, – deyə Vadeful bildirib.
O, Rubio ilə söhbətində onun dediyi sözləri sitat gətirib: "Əgər Putin imtina etməyə davam edərsə, ölçülər görüləcək” və Rusiya rəhbəri "buna hazır olmalıdır”.
Qeyd edək ki, daha əvvəl Avropa İttifaqı mayın 20-də Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib. Bu paket Rusiya "kölgə donanmasının” təxminən 200 gəmisinə yönəlib. Yeni tədbirlər hibrid təhdidlərə və insan haqlarına da aiddir.
"Politico” isə ABŞ rəsmilərinə istinadən yazıb ki, prezident Donald Tramp Putinə qarşı səbirini itirmək üzrədir, lakin sanksiyalarla bağlı qərar qəbul etməkdə tərəddüd edir. ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker Trampın qəti addımlar atacağına şübhə ilə yanaşıb: "Mən indi Trampın nə vaxtsa Rusiya əleyhinə ciddi sanksiyalar və ya tədbirlər görəcəyinə çox-çox skeptik yanaşıram. Onun bunun üçün saysız-hesabsız imkanı olub, amma həmişə bundan yayınıb”.
Bundan əlavə, köşə yazarı Ceyms Gibni qeyd edib ki, Aİ-nin sanksiyaları Putini qorxutmur və bu səbəbdən ABŞ-ın daha sərt addımlar atması vacibdir. Məqalə müəllifinin fikrincə, Senat Rusiyadan neft, qaz, uran və digər məhsullar alan ölkələrin mallarına 500%-lik idxal rüsumu tətbiqini nəzərdə tutan qanun layihəsini səsverməyə çıxarmalı və onun Trampın masasına çatması üçün Nümayəndələr Palatası ilə birlikdə işləməlidir.
Alpər
Şərhlər