Tunisdə yerləşən Sfax Universitetinin alimləri müəyyən ediblər ki, qrammatik cəhətdən düzgün cümlələrin qurulmaması və anlaşılmasında pozuntular şizofreniyanın inkişafına işarə edə bilər.
Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Communications Medicine" ("ComMed") jurnalında dərc olunub.
Şizofreniya - düşüncə, qavrayış və davranışa təsir edən ağır psixi pozuntudur. Bu xəstəliyin əsas simptomlarından biri ünsiyyətdə çətinlikdir ki, bu da tez-tez sintaktik pozuntularla - sözlərin düzülüşündə səhvlər, mürəkkəb cümlələrin qurulmasında və nitqin qrammatik quruluşunun anlaşılmasında çətinliklərlə müşayiət olunur.
Tədqiqat çərçivəsində 1679 şizofreniya xəstəsinin və 1281 sağlam şəxsdən ibarət nəzarət qrupunun məlumatları təhlil edilib. İştirakçıların orta yaşı 32, qadınların payı isə təxminən 30 faiz təşkil edib. Alimlər "Web of Science", "PubMed", "Scopus" və "PsycINFO" bazalarındakı 2024-cü ilin may ayına qədər olan məlumatları araşdırıblar və ümumilikdə 45 elmi araşdırma nəzərdən keçirilib.
Nəticələr göstərib ki, şizofreniya xəstələri sintaktik qavrayışda əhəmiyyətli geriləmə nümayiş etdirirlər: onlar daha çox qısa və sadə cümlələrdən istifadə edir, qrammatik səhvləri çətinliklə fərq edirlər və nitqlərində əlaqəlilik zəif olur. Bundan əlavə, ifadə mürəkkəbliyində və ümumi danışıq müddətində də azalma müşahidə olunub.
Müəlliflər vurğulayırlar ki, bu pozuntular hər kəs üçün eyni deyil: qrammatik səhvlərin xarakteri və dərəcəsi fərqli ola bilər. Bu isə dil analizinin erkən diaqnostika və fərdi terapiya vasitəsi kimi istifadəsinə imkan yaradır.
Alimlər hesab edirlər ki, şizofreniyada dil və idrak pozuntuları arasındakı əlaqənin daha dərindən öyrənilməsi perspektivlidir. Bu məlumatlar xəstəliyin müalicəsində, pasiyentlərin uyğunlaşdırılmasında və gündəlik ünsiyyətdə dəstək mexanizmlərinin yaradılmasında yeni yanaşmalar üçün əsas rol oynaya bilər.
Aydın
Şərhlər