Xəbər lenti

Ankaranın Mərkəzi Asiya ölkələrindən gözlədiyi kompensasiya nədir? (ŞƏRH)
Dünya 13:32 01.05.2025

Ankaranın Mərkəzi Asiya ölkələrindən gözlədiyi kompensasiya nədir? (ŞƏRH)

"Bunlar razılaşdırılmış məsələdir və yunanlar, Avropa da buna hazırdır”.

Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Mehman Əliyev Türkiyə parlamentinin spikeri Numan Kurtulmuşun Ankaranın yunan Kiprini tanıyan Mərkəzi Asiya ölkələrindən bu addımlarını kompensasiya edəcək addımlar gözlədiyi barədə bəyanatını şərh edərkən deyib: 

"Mərkəzi Asiya ölkələri Şimali Kipr Türk Cümhuriyyətini (KKTC) rəsmi dövlət kimi tanımayacaqlar, amma bununla belə, hansısa ictimai səviyyədə onunla əlaqə qura bilərlər. Bu mümkündür və ona da gedəcəklər. Azərbaycanın da KKTC ilə əlaqələri var. Ancaq Bakı da onu müstəqil qurum kimi tanımır. Lakin münasibətlər və orada nümayəndəlik var. Bu nümayəndəlik səfirlik, konsulluq deyil. Mərkəzi Asiya ölkələri də KKTC ilə bağlı belə bir addıma gedə bilər. Ticari, mədəni əlaqələri əhatə edəcək nümayəndəlik aça bilərlər”. 
 


Ekspert düşünür ki, belə olarsa, qarşı tərəf də həmin ölkələrin bu addımına etiraz etməyəcək:

"Hesab edirəm ki, bu addımlar əvvəldən razılaşdırılmış addımlardır. Belədə proses son olaraq yaxınlaşmaya və Kipr məsələsinin həllinə doğru gedəcək”.  
Qeyd edək ki, Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş Qırğızıstana səfəri zamanı Ankaranın Mərkəzi Asiya ölkələrindən Kiprlə bağlı verdikləri bəyanatla bağlı kompensasiya edəcək addımlar gözlədiyini bildirib. 

"Biz dedik ki, Türkiyə sizə üçüncü ölkələrlə münasibətləri necə quracağınızı demir, amma biz qardaşlarınız olaraq bundan ciddi şəkildə narahatıq və baş verənləri kompensasiya etmək üçün addımların atılmasının lazım olduğuna inanırıq”, - deyə Kurtulmuş bildirib. 

Türkiyə parlamentinin rəhbəri hesab edir ki, bu ölkələr Şimali Kiprdə nümayəndəlik aça və ya başqa ölkələrdəki səfirlərini respublikaya səfir kimi akkreditə edə bilərlər, mədəni proqramların hazırlanması da mümkündür.

Xatırladaq ki, aprelin əvvəlində Səmərqənddə keçirilmiş birinci Aİ-Mərkəzi Asiya sammitindən sonra yekun bəyannamə qəbul edilib, ona əsasən Mərkəzi Asiya ölkələrinin Kipr məsələsində dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmağa və xüsusilə BMT Təhlükəsizlik Şurasının 1983-cü il tarixli 541 və Bolam19-un 5840 saylı qətnamələrinə əməl etməyə sadiq olduqları qeyd olunub.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->