Xəbər lenti

Bakıda İsrail-Türkiyə danışıqları: Nələr gözlənilir? (ŞƏRH)
Dünya 14:45 08.05.2025

Bakıda İsrail-Türkiyə danışıqları: Nələr gözlənilir? (ŞƏRH)

"Burada əsas məsələ tərəflərin Suriyada qarşı-qarşıya gəlməməsi və bu kontekstdə təhlükəsizliyin təmin edilməsindən ibarətdir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri mayın 8-də Bakıda İsrail və Türkiyə arasında olacaq qeyri-rəsmi danışıqları şərh edərkən deyib. 

Politoloq bildirib ki, bu görüşdən öncə Türkiyə prezidenti ilə İsrail baş naziri arasında Bakıda gözlənilən görüşün baş tutma ehtimalının aradan qaldırılmasına diqqət etməliyik:

"Görüşün baş tutmaması Benyamin Netanyahunun başçılıq etdiyi hökumətin Suriya və Qəzza zolağındakı hədsiz davranışları ilə bağlıdır. Belə bir vəziyyətdə yenidən Bakıda İsrail-Türkiyə danışıqları baş tutursa, burada əsas məsələ tərəflərin Suriyada qarşı-qarşıya gəlməməsi və bu kontekstdə təhlükəsizliyi təmin etməkdən ibarətdir. Təcrübədə Türkiyə, Rusiya və İranın Suriyada mövcud olduğu zamanlarda belə təhlükəsizlik mexanizmlərindən istifadə olunub. Yəni qarşılıqlı xəbərdarlıq mexanizmlərilə bu dövlətlərə məxsus təyyarələrin ərazidə hərəkəti zamanı hər hansı bir qarşıdurma olmamışdı. Eyni şeyi Türkiyə ilə İsrail də tətbiq edə bilər". 
 


Politoloq bildirir ki, ancaq İsrailin burada hədsiz iddiaları var:

"Təl-Əviv tələb edir ki, Türkiyə hərbi cəhətdən Suriyada mövcud olmasın və özünün strateji silahlarını burada yerləşdirməsin. Amma maraqlıdır ki, İran və Rusiya Suriyada bütün strateji silahları ilə mövcud olduğu zaman İsrail susurdu. Belə olan halda İsrail onu Türkiyədən tələb edə bilməz. Müzakirə bu iki ideya kontekstində gedəcəksə, Türkiyə onu qəbul etməyəcək".
 
Həmsöhbətimizə görə, bu xüsusda hər hansı bir anlaşma da mümkün deyil:

"Həmçinin, İsrail onu təmin edə də bilməz. Çünki Ankara qərar verəcəksə və bu qərar rəsmi Dəməşqin qərarı olacaqsa, Türkiyə özünün elektron siqnalları yox edən silah və avadanlıqlarını, F-16-ların Suriyada hərbi bazada yerləşdirilməsini təmin edəcək və bunun üçün İsraildən icazə almayacaq".

Qeyd edək ki, Türkiyə və İsrail nümayəndələri mayın 8-də Bakıda qeyri-rəsmi danışıqlar aparmaq üçün görüşəcəklər. İsrailin "Kan 11" telekanalının məlumatına görə, görüş Azərbaycanın vasitəçiliyi ilə təşkil olunub və Türkiyənin Suriyada artan fəallığı və iki ölkə arasında birbaşa hərbi toqquşma təhlükəsi ilə bağlı gərginliyin azaldılmasına yönəlib. Mənbələrin məlumatına görə, İsrail təhlükəsizlik sahəsində iki əsas tələbi səsləndirmək niyyətindədir: öz sərhədləri yaxınlığında qarşı tərəfin silahlı birləşmələrin mövcudluğunun istisna edilməsi, həmçinin İsrailin milli təhlükəsizliyinə təhdid yarada biləcək strateji silah növlərinin Suriyada yerləşdirilməsinə yol verilməməsi. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->