Xəbər lenti

Dünya 23:15 01.05.2025

"Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?

Son dövrdə qlobal birjalardakı dalğalanmaların ardından kriptovalyuta bazarları özünü toparlamağa başlayıb və "Bitcoin” kimi aparıcı rəqəmsal aktivlər yenidən rekord hədlərə doğru yüksəlməkdədir.
 
Qaynarinfo xəbər verir ki, kriptovalyutaların bazar dəyişkənliyinə qarşı "təhlükəsiz liman” və ya qoruyucu vasitə kimi qəbul olunması gözləntiləri davam etsə də, qiymətlərdəki bu yüksəliş "Bitcoin” mədənçiliyi üçün eyni dərəcədə müsbət mənzərə yaratmır.

Gəlirlik azalır, xərclər isə artır

"CoinShares” tərəfindən yayımlanan son hesabatda qeyd olunur ki, "Bitcoin” mədənçiliyinin iqtisadi mənzərəsi bir çox operator üçün çətinləşib. "Bitcoin” hasilatı üçün tələb olunan yüksək elektrik enerjisi və hesablama gücü xərcləri artıq bir çox hallarda əldə olunan "Bitcoin”in bazar dəyərini üstələməyə başlayıb. Bu isə gəlirlilik marjını ciddi şəkildə daraldır.

Hətta bazarın ən böyük mədənçilik şirkətləri də bu vəziyyətdən təsirlənməkdədir. Məsələn, bir "Bitcoin”in bazar qiyməti təxminən 95.000 ABŞ dolları olduğu halda, onun hasilat xərci 82.000 dolları keçib. Texniki baxımdan az da olsa gəlirli görünə bilər, lakin bu rəqəmlər marjın nə qədər daraldığını ortaya qoyur. "CoinShares”in məlumatına görə, təkcə 2024-cü ilin üçüncü rübündə bir "Bitcoin” hasilatının orta xərci 56.000 dollar idi. Hazırkı göstərici qısa müddətdə təxminən 47%-lik artımı göstərir.

Bu xərclərin ən ağır təsirini isə kiçik və fərdi mədənçilər hiss edir. Coğrafi mövqe və enerji qiymətlərindən asılı olaraq hasilat xərcləri kəskin dəyişir. Məsələn, ABŞ-da kiçik mədənçilər üçün bir "Bitcoin” hasilat xərci təxminən 137.000 dollara qədər yüksəlib. Almaniya kimi yüksək enerji xərcləri olan ölkələrdə isə bu rəqəm 200.000 dolları keçə bilər. Bu, 95.000 dollarlıq bazar dəyəri ilə müqayisədə ciddi və davamolunmaz zərərlər deməkdir.

Xərclərin artmasının əsas səbəbləri

"Bitcoin” mədənçiliyinin bu qədər bahalaşmasının arxasında bir neçə əsas amil dayanır:

Qlobal enerji qiymətlərində artım: Mədənçiliyin əsas xərci olan elektrik enerjisinin qiyməti dünya üzrə yüksəlməkdədir. Qlobal inflyasiya, ticarət müharibələrinin enerji tədarük zəncirlərinə təsiri və süni intellekt kimi enerji tələb edən texnologiyalara artan tələbat qiymətləri daha da artırır.

Avadanlıq xərcləri: Yüksək performanslı və "Bitcoin” hasilatı üçün xüsusi dizayn olunmuş ASIC cihazlarının istehsal və tədarük xərcləri də artmaqdadır.

"Halving” təsiri: Təxminən bir il əvvəl baş vermiş son "halving” hadisəsi, hər blok üçün verilən "Bitcoin” mükafatını yarıya endirib. Bu, bazara daxil olan yeni "Bitcoin” miqdarını məhdudlaşdıraraq qiymət artımını dəstəkləmək məqsədi daşısa da, mədənçilərin gəlirlərini birbaşa azaldaraq gəlirlilik üzərində təzyiqi artırıb.

Mərkəzsizlik ideyasına təhdid

"Bitcoin” ilk yaradıldığında məqsədi mərkəzləşdirilməmiş maliyyə sistemi ilə daha ədalətli iqtisadi mühit formalaşdırmaq idi. Lakin mədənçiliyin getdikcə daha az gəlirli və daha yüksək giriş xərcli olması bu ideala maneə törədir.
 
"BitInfoCharts”ın məlumatlarına görə, dövriyyədəki "Bitcoin”lərin 90%-dən çoxu ən zəngin 1%-lik ünvanlarda cəmləşib. Bir zamanlar bu qeyri-bərabərliyi azalda biləcək vasitə kimi görünən mədənçilik, hazırda əks təsir göstərir: yalnız böyük sərmayə və inkişaf etmiş infrastrukturla təchiz olunmuş operatorlar bu sahədə qalmağa davam edə bilirlər. Bu isə, mövcud "Bitcoin” varlılarının servetlərini daha da artıraraq mərkəzləşməni dərinləşdirməsi deməkdir.

Gələcəkdə bizi nə gözləyir?

Qiymətlərin yüksəlməsinə baxmayaraq, xərclərin də artması "Bitcoin” mədənçiliyinin gələcəyi ilə bağlı ciddi suallar doğurur. Mədənçilik fəaliyyətləri davam edəcəkmi? Yeni investisiyalar necə yönəldiləcək? Ən əsası isə, "Bitcoin”in mərkəzsizlik və ədalətli paylaşım prinsipləri ilə bu vəziyyət necə uzlaşdırılacaq? Bu suallar qarşıdakı dövrdə ekosistemin diqqətlə izlənilməli məsələlərindəndir. Artan xərclər mədənçilik bazarında daha çox konsolidasiyaya səbəb ola bilər və bu da "Bitcoin”in qlobal sərvət bölgüsündəki bərabərsizlik meyllərini daha da gücləndirə bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->