ABŞ prezidenti Donald Tramp öz gücünə və dünyanı dəyişmək imkanına tam əmin idi. O, Vladimir Putin və Si Szinpinlə "çox yaxşı münasibətləri"nin mürəkkəb geosiyasi və iqtisadi problemləri həll edə biləcəyini düşünürdü. Lakin görünür, bu yanaşma effektiv olmur, çünki dünya liderləri artıq Trampdan qorxmur.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN yazıb.
Məqalədə qeyd edilir: "Tramp texnologiya nəhənglərini qorxuda və onları öz xəttinə salmağa məcbur edə bilər, Harvard Universiteti kimi institutlara və hakimlərə təzyiq göstərməyə çalışa bilər, lakin bəzi dünya liderlərini qorxutmaq daha çətindir".
Məsələn, Vladimir Putin ABŞ-ın Ukraynadakı müharibəni dayandırmaq cəhdlərini görməzdən gəlir, bu isə Tramp üçün açıq-aşkar alçalma kimi qiymətləndirilə bilər. Rusiyanın dövlət mediası Trampı sadəcə boşboğaz bir fiqur kimi təqdim edir və onun bəyanatlarının nəticəsiz olduğunu vurğulayır.
"Tramp hesab edirdi ki, Çinlə ticarət müharibəsində Si Szinpinə təzyiq göstərməklə Pekini ram edə bilər. Amma avtoritar Çin buna boyun əymədi. Eyni hal Avropa İttifaqı ilə tariflər məsələsində də baş verdi - Tramp geri çəkildi. İsrailin Baş naziri Benyamin Netanyahuyla Qəzza məsələsində də razılığa gələ bilmədi", deyə CNN qeyd edib.
Nəşr yazır ki, dünya liderləri öz milli maraqlarını güdür və bu maraqlar ABŞ prezidentlərinin şəxsi arzularından tamamilə fərqli reallıqda mövcuddur: "Onların əksəriyyəti qarşılıq tələb etməyən şəxsi çağırışlara açıq deyil. Trampın ABŞ prezidenti kimi Ukrayna prezidenti Volodimir Zelenski və Cənubi Afrika Prezidenti Siril Ramafosanı alçaltmağa çalışmasından sonra Ağ Evin cazibəsi azalmaqdadır".
Nəşr qeyd edir ki, Trampın "Öncə Amerika" adlı populist şüarı ABŞ-ın uzun illər ərzində istismar olunduğu iddiasına əsaslanır. Lakin o, unudur ki, ABŞ-ın tarixdəki ən güclü dövlətə çevrilməsinə məhz müttəfiqlik əlaqələri və əməkdaşlıq səbəb olub. Hazırda isə Tramp "güc nümayiş etdirməklə hər kəsin itaət etməli olduğunu" düşünür və bu, ABŞ-ın yumşaq gücünü - yəni inandırmaq qabiliyyətini - zəiflədir.
Məqalədə əlavə olunur: "Trampın prezidentliyinin ilk dörd ayı - tarif təhdidləri, Kanadaya və Qrenlandiyaya ərazi iddiaları və qlobal humanitar proqramların ləğvi - göstərdi ki, dünya artıq baş verənlərə qarşı səsini yüksəltmək hüququna sahibdir. Hazırda Çin, Rusiya, İsrail, Avropa və Kanada liderləri belə qərara gəliblər ki, Tramp düşündüyü qədər güclü deyil. Ona qarşı çıxmağın heç bir ciddi nəticəsi yoxdur və onların daxili siyasi reallıqları buna qarşı durmağı zəruri edir".
CNN daha əvvəl yazmışdı ki, Kreml Tramp administrasiyasının Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edəcəyinə və ya təzyiqi artıracağına inanmır.
Qeyd olunur ki, Tramp ikinci prezidentlik müddətinin əvvəlindən etibarən Ukraynaya milyardlarla dollarlıq yardıma qarşı çıxıb və Putinlə danışıqlar aparmaq ideyasını təşviq edib. Hazırda isə Rusiyaya qarşı mümkün sanksiyalar birbaşa ABŞ prezidentinin reputasiyasına zərbə vura bilər.
Aydın
Şərhlər