Xəbər lenti

Əraqçinin İslamabad və Nyu-Dehli səfərləri: Məqsəd nədir? (ŞƏRH)
Dünya 15:35 05.05.2025

Əraqçinin İslamabad və Nyu-Dehli səfərləri: Məqsəd nədir? (ŞƏRH)

"İran xarici işlər nazirinin bu səfərləri ABŞ-Çin rəqabəti fonunda regional balansı təhlil etmək, həm də özünün mümkün manevr imkanlarını dəyərləndirmək məqsədi daşıyır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İranın XİN rəhbəri Abbas Əraqçinin Pakistan və Hindistana səfərlərini şərh edərkən deyib. 

Konfliktoloq qeyd edir ki, Abbas Əraqçinin Pakistan və Hindistana planlaşdırılan səfəri, ilk baxışda regional məsləhətləşmələrin bir hissəsi kimi təqdim edilsə də, əslində bu səfərlər bir neçə dərin strateji məqsəd daşıya bilər:

"İran uzun illərdir ki, Qərbin sanksiyaları və təzyiqləri nəticəsində regional diplomatiyanı və iqtisadi əlaqələri öz xarici siyasətinin prioritet sahəsinə çevirib. Bu baxımdan, Pakistan, həm də Hindistanla münasibətlərin qorunması və inkişafı İranın regional təhlükəsizlikdəki mövqeyini gücləndirmək üçün önəmlidir".
 


Ekspert deyir ki, İran və Pakistan müsəlman ölkələri olaraq yalnız ideoloji deyil, eyni zamanda geosiyasi, enerji və təhlükəsizlik sahələrində bir sıra ortaq maraqlara sahibdirlər: 

"Bundan əlavə, Pakistanın "Çin-Pakistan İqtisadi Dəhlizi” (CPEC) vasitəsilə Çinə bağlanması, İran üçün də strateji baxımdan önəmli imkanlar yaradır".

Onun fikrincə, İranın Hindistanla da münasibətləri tamamilə rəqabət və ya qarşıdurma xarakteri daşımır:

"Çabahar limanı layihəsi, enerji ixracı və tarixi mədəni əlaqələr bu münasibətlərin əsasını təşkil edir. İran bu səfərlər vasitəsilə həm vasitəçilik imkanlarını öyrənmək, həm də ABŞ-ın bölgədəki strateji niyyətlərini yerindəcə anlamaq istəyir".

Ekspert İran Pakistan münasibətlərinə həmçinin Çinlə strateji tərəfdaşlığın bir qolu kimi də baxır:
 
"Bu kontekstdə İran-Çin münasibətləri xüsusi diqqətə layiqdir. 2021-ci ildə imzalanan 25 illik strateji əməkdaşlıq sazişi İranın Qərbə alternativ güc mərkəzi kimi Çinə üz tutduğunu göstərdi. Bu saziş çərçivəsində Çin, İranın enerji sektoruna böyük sərmayələr yatırmaq, həmçinin nəqliyyat və infrastruktur layihələrində iştirak etməyi öhdəsinə götürüb. Eyni zamanda Çin, Pakistan vasitəsilə İranın Cənubi Asiyaya açılmasında körpü rolunu oynayır. Bu baxımdan, İranın Pakistanla münasibətləri artıq təkcə ikitərəfli deyil, Çinlə strateji tərəfdaşlığın bir qolu kimi də dəyərləndirilə bilər".

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Pakistana səfər edib. Ardınca onun Hindistana da səfər edəcəyi gözlənilir. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi məlumat verib. Onun sözlərinə görə, bu səfər qonşu dövlətlərlə müntəzəm məsləhətləşmələrin tərkib hissəsidir. İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, səfər zamanı Əraqçi Pakistanın yüksək rütbəli rəsmiləri ilə görüşərək ikitərəfli əlaqələr, həmçinin son regional və beynəlxalq hadisələri müzakirə edəcək. Bəqayi əlavə edib ki, gələn həftənin sonunda yüksək səviyyəli İran diplomatı rəsmi səfərlə Hindistana gedəcək. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->