"Hesab edirəm ki, Mərkəzi Bank məsələyə müdaxilə etməlidir. Onlayn kreditlərin verilməsi ilə bağlı müəyyən təlimat qaydaları olmadıqca, onların verilməsi dayandırılmalıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov onlayn kreditlərin verilməsi qaydalarının sərtləşdirilməsi yollarından danışarkən deyib.
Ekspert bildirib ki, Azərbaycan bankları kredit verərkən təhlükəli vasitələrdən istifadə edirlər:
"Razıyam ki, "ASAN İmza" və s. bunların hər biri elektron imzanın formalarıdır. Bunlardan istifadə olunmalıdır, amma hər vətəndaşla bağlı məsələdə yox. Banklar özləri üçün asan yol tapıb. Niyə banklara belə kredit vermək sərf edir? Onlar istəyir ki, buna heç vaxt sərf etməsinlər. Banklar heç işçi saxlamaq istəmirlər, bu yolla xərclərini azaltmaq niyyətindədirlər".
Əkrəm Həsənov 10 il bankda işlədiyini və bütün bank rəhbərləri ilə menecerlərini yaxşı tanıdığını vurğulayıb:
"O dövrlərdə bank işlətmək asan idi. Orada işləyənlərin əksəriyyəti savadsızdırlar. Onlar elə bilirlər ki, dahidirlər. Düzdür, aralarında savadlı kadrlar var, amma onlar da pul ardınca qaçırlar. Xərcləri azaltmaq istəyirlər. Təhlükələrin qarşısını almaq üçün xərc çəkmək lazımdır".
Bahar Rüstəmli
Şərhlər