"Mövcud vəziyyətdə birbaşa müharibənin alovlanması ehtimalı olduqca böyükdür".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Pakistanla Hisdistan arasında yaşanan gərginliyin kəskin fazaya daxil olmasını şərh edərkən deyib.
Üzeyir Şəfiyev bildirib ki, Hindistanla Pakistan arasında müharibə arzuolunmazdır:
"Çünki onun başlanması böyük fəlakətlərə səbəb olacaq. Düzdür, aralarında birbaşa toqquşma baş versə də, nüvə silahının tətbiqini istisna edirəm. Çünki ölkələr coğrafi baxımdan bir-birinə qonşudur. Savaşın ziyanını nüvə silahını tətbiq edən tərəf də çəkə bilər".
Ekspertin fikrincə, münaqişənin bu həddə çatmasında daha çox maraqlı olan tərəf Hindistandır:
"Hindistan ərazisində baş verən terroru bəhanə edərək, müharibədə maraqlıdır. Mübahisəli ərazilərə nəzarəti tam ələ keçirmək istəyir. Bu fonda Hindistan sanki planlı şəkildə təxribat törədib, ondan istifadə etmək istəyir. Pakistan həmin terror aktının araşdırılmasının tərəfdarı olduğunu bildirib. Amma İslamabadın səmimi bəyanatına baxmayaraq, Dehli onu görməməzlikdən gəlir. Hindistanda həmçinin ölkə daxilində müsəlmanlara qarşı təmizləmə siyasəti həyata keçirir. Prosesdə ABŞ, Rusiya, İran Hindistanı dəstəkləyir, Çin isə Pakistanı".
Ekspertə görə, müharibə genişlənərsə, kənar dövlətlərin prosesə müdaxiləsi də baş verə bilər:
"Bəzi dövlətlər bu konfliktin alovlanması ilə özlərinin ambisioz maraqlarını təmin etməklə yanaşı, iştirak etdikləri münaqişəni də arxa plana keçirməyi düşünür. Belədə konflikt daha böyük geosiyasi şəkillənmənin tərkib hissəsi kimi görünür".
Qüvvələr nisbətinə gəldikdə, konfliktoloq qeyd edir ki, Hindistanın iqtisadi, hərbi potensialı Pakistanla müqayisə olunmaz dərəcədə daha böyükdür:
"Ancaq toqquşma eskalasiya həddini keçərsə, hər iki tərəf böyük itkilərə məruz qalacaq. Böyük kütləvi insan itkisi baş verəcək, hər iki ölkənin iqtisadiyyatına, infrastrukturuna güclü zərbə dəyəcək".
Üzeyir Şəfiyev deyir ki, müharibənin alovlanmasının dünya iqtisadiyyatına da cidi mənfi təsirləri olacaq:
"Dünya loqistik problemlə üz-üzə qala bilər. Müharibənin qalibi isə olmayacaq".
Qeyd edək ki, Hindistanla Pakistan arasında yaşanan gərginlik getdikcə daha kəskin xarakter almaqdadır. Son olaraq Hindistanın 3 şəhərə endirdiyi zərbələr nəticəsində Pakistanda ölənlərin sayı 26 nəfərə çatıb, 46 nəfər isə xəsarət alıb. Ona cavab olaraq Pakistan Hərbi Hava Qüvvələri Hindistanın 5 qırıcı təyyarəsini vurub. Bu barədə "Geo News” telekanalı təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
"Hazırda Pakistan Hərbi Hava Qüvvələri Fransa istehsalı olan iki "Rafale" və Rusiya istehsalı olan bir "Su-30" qırıcısı daxil olmaqla beş Hindistan təyyarəsini vurub", deyə telekanalın mənbələri qeyd ediblər.
Həmçinin bildirilir ki, Hindistan ordusu Kəşmirdə nəzarət xəttində yerləşən Çora kompleksində ağ bayraq qaldırıb. Məlumata görə, Pakistan Ordusunun nəzarət xətti boyunca düşmən postlarına ciddi zərbə vurması Hindistan ordusunun Çora kompleksi postunda ağ bayraq asmasına səbəb olub. Mənbələr həmçinin, Azad Cammu və Kəşmirdə nəzarət xətti yaxınlığındakı əməliyyatlarda iştirak edən Hindistanın əsas taktiki quruluşu olan 12-ci piyada briqadası, 9-cu diviziya, 15-ci korpusun qərargahının Pakistan Ordusu tərəfindən məhv edildiyini bildirir.
Rüfət Sultan
Şərhlər