Xəbər lenti

PKK-nın 47 illik qanlı tarixi
Dünya 13:44 12.05.2025

PKK-nın 47 illik qanlı tarixi

Xəbər verdiyimiz kimi, PKK terror təşkilatı buraxılma qərarını elan edib. Təşkilatın konqresindən sonra yayımlanan yekun bəyanatda silahlı fəaliyyətə son verildiyi bildirilib.

Qayanrinfo xəbər verir ki, əsasını Abdullah Öcalanın qoyduğu PKK ilk silahlı hücumunu 1984-cü ilin 15 avqustunda həyata keçirib. Bu tarixdən etibarən on minlərlə insanın həyatına son qoyan terror prosesi başlamış olub.

PKK 27 noyabr 1978-ci ildə Diyarbəkirin Lice rayonunun Fis kəndində yaradılıb. İlk terror aktını isə 15 avqust 1984-cü ildə Siirtin Eruh və Hakkarinin Şemdinli rayonlarında həyata keçirib. Bu hücum nəticəsində bir əsgər şəhid olub, 9 əsgər və 3 mülki şəxs yaralanıb.

Terror təşkilatı 1998-ci ilə qədər Suriyanı təhlükəsiz liman kimi istifadə edib. Uzun illər Bekaa vadisindəki düşərgələrdə məskunlaşıb və silahlı təlimlər keçib. Təşkilatın başçısı Abdullah Öcalan da illərlə Suriyada gizlənib. 2003-cü ildəki Körfəz müharibəsindən sonra İraqın şimalında yaranan güc boşluğundan istifadə edən PKK Kandil dağının ətrafında militantlarını hazırlayıb və Türkiyəyə hücumlar məqsədilə müxtəlif düşərgələr qurub.

PKK 1990-cı illərdə ən qanlı hücumlarını həyata keçirib. Bu illər bölgədə toqquşmaların intensivləşdiyi və davamlı olaraq ölüm xəbərlərinin gəldiyi dövr olub. Terror təşkilatı yalnız hərbçiləri və təhlükəsizlik qüvvələrini deyil, mülki şəxsləri də hədəf alıb. Minlərlə insan təşkilatın hücumlarına məruz qalıb.

16 fevral 1999-cu il PKK üçün dönüş nöqtəsi olub. O dövrdə baş nazir olan Bülənt Ecevitin "Bu gecə saat 03:00-dan etibarən bölücü terror təşkilatı PKK-nın başçısı Abdullah Öcalan Türkiyə ərazisindədir" açıqlaması təkcə Türkiyədə deyil, bütün dünyada əks-səda doğurub.

Suriya tərəfindən ölkədən çıxarılmış Öcalan əvvəlcə Yunanıstana, daha sonra isə Keniyaya qaçıb. Çox gizli aparılan bir əməliyyatla Öcalan Keniyadan Türkiyəyə gətirilib və təyyarədəki ilk görüntülərində gözü açılaraq "Vətənə xoş gəlmisən" ifadəsi ilə qarşılanıb.

Onun mühakiməsi 31 may 1999-cu ildə İmralı adasında başlayıb. Doqquz məhkəmə iclasından sonra hakimlər heyəti yekdilliklə "silahlı terror təşkilatı qurmaq və idarə etmək" ittihamı ilə Öcalanın edamına qərar verib. Öcalan 2002-ci ildə Avropa İttifaqı ilə uyğunluq çərçivəsində Türkiyədə edam cəzasının ləğv olunması nəticəsində ömürlük həbslə cəzalandırılıb. 2013-cü ildəki ilk "həll prosesi" zamanı İmralıdan çıxış etmişdi. Lakin bu proses PKK-nın şəhərlərdə başlatdığı "xəndək" hücumları ilə nəticəsiz qalıb. PKK-nı ləğv olunmağa aparan ikinci "həll prosesi" isə MHP lideri Dövlət Baxçalının çıxışı ilə başlanıb.

PKK ilk illərində Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində törətdiyi qanlı hücumlarla kənd əhalisini köç etməyə məcbur edirdi. Ümumilikdə qorxu yaratmaq üçün şəhərlərə yönələn təşkilat canlı bomba və tələlərlə mülki şəxsləri də hədəfə alıb. İlk silahlı hücumunu 1984-cü ildə edən PKK 8 mindən artıq polis, əsgər, mühafizəçi və digər təhlükəsizlik əməkdaşını şəhid edib, 25 minə yaxın dövlət qulluqçusunu yaralayıb. Təşkilat təxminən 50 il ərzində mülki şəxslərə qarşı da hücumlar təşkil edib, bu hücumlar nəticəsində 5 min 800 mülki şəxs həlak olub, 12 min mülki vətəndaş yaralanıb. Türkiyə PKK ilə 40 ildən artıq müddətdə fasiləsiz mübarizə aparıb. Bu mübarizədə göstərilən qəhrəmanlıq və fədakarlıqlar nəticəsində təşkilatın 43 mindən çox silahlı üzvü zərərsizləşdirilib.

Türkiyədə yaranan PKK kürd əhalisinin yaşadığı İran, İraq və Suriyada da güclənib. PKK bu ölkələrdə müxtəlif adlar altında təşkilatlanıb: İranda PJAK, İraqda Tavgari Azadi, Suriyada isə PYD/YPG təşkilatları PKK-nın törəmə qurumları kimi fəaliyyət göstərib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->