"Hazırda Rusiya Ukrayna müharibəsində atəşkəsə nail olmaq üçün yaxşı zəmin yaranıb".
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə ABŞ prezidenti Donald Trampın da mayın 15-də gözlənilən Kiyev-Moskva danışılqlarında iştirak etmək üçün İstanbula getmək niyyətini şərh edərkən deyib.
"Düzdür, tərəflər arasında təməl prinsiplərlə bağlı fərqlər çoxdur. Ancaq hər halda sülh olmadan atəşkəsi elan edib, sonrakı mərhələdə sülh prosesini də müzakirə etmək olar. Lakin bu, dondurulmuş münaqişə olur və təəssüf ki, Ukraynanın işğalının təsdiqlənməsi kimi başa düşülür", deyə Rüstəm Tağızadə bildirib.
Ekspert qeyd edib ki, Putinin şəxsən görüş üçün İstanbula gəlib-gəlməməsinin prosesin məcrasının dəyişməsinə hər hansı bir təsiri olmayacaq:
"Putin İstanbula getməsə də, öz nümayəndəsini göndərəcək. O baxımdan həmin şəxs də Putinin şərtlərini Ukrayna tərəfinə çatdıracaq".
Həmsöhbətimiz Trampın İstanbula gələcəyinə inanmır:
"Təbii ki, Tramp belə bəyanatlar verməyi xoşlayır. Bəzən o, sağı göstərib solu vurur. Bu mənada Trampın İstanbula gedəcəyi az ağlabatandır.
ABŞ Ukraynada mineral maddələrin çıxarılması prosesinə tez başlamaq istəyir. Bunun üçün də sabit mühitin olması, müharibənin olmaması vacibdir. Konkret İstanbul görüşünə gəldikdə, o halda yaxşı nəticələr əldə oluna bilər ki, hər iki tərəf konstruktiv mövqe nümayiş etdirsin".
Qeyd edək ki, mayın 15-də İstanbulda Kiyev və Moskva nümayəndələri arasında görüşün olması məsələsi gündəmə gələn kimi, ABŞ Prezidenti Donald Tramp da İstanbula getməyi düşündüyünü bəyan edib. Bu barədə Tramp Ağ Evdə jurnalistlərə bildirib.
Tramp qeyd edib ki, o, mayın 15-də Rusiya və Ukrayna nümayəndələri arasında görüşün keçiriləcəyi İstanbula səfər etməyi düşünür: "İstanbul görüşündən yaxşı nəticələr əldə edə bilərik, inanıram ki, hər iki lider orada olacaq".
Rusiya tərəfi isə Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçevin timsalında Zelenskinin İstanbulda Putini gözləyəcəyi ilə bağlı bəyanatını "komediya və tamaşa” adlandırıb. "Belə mürəkkəb vəziyyətdə yüksək səviyyəli görüşlər bu cür təşkil olunmur", deyə Kosaçev bildirib.
Rüfət Sultan
Şərhlər