Xəbər lenti

Sərdar Cəlaloğludan həmkarlarının partiya sədrliyindən getməsinə reaksiya
Siyasət 13:29 19.06.2025

Sərdar Cəlaloğludan həmkarlarının partiya sədrliyindən getməsinə reaksiya

"Mənim siyasətdən getmək fikirim yoxdur. Nə qədər ki, fiziki imkanlarım var, siyasətdə qalacağam".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu həmkarlarının partiya sədrliyindən istefa verməsi ilə bağlı bəyanatlara aydınlıq gətirərkən deyib. 

Sədr bildirib ki, hər kəsin siyasətdə bir missiyası, bir qərarı var:

"Biri pul, biri vəzifə, biri deputat seçilmək, başqa biri isə gələcəkdə daha yüksək pensiya almaq üçün siyasətə gəlir. Hərə də zamanla öz məqsədinə çatıb. Odur ki, "daha siyasətdə qalmağın nə anlamı var" deyə siyasəti tərk edirlər. Amma mən siyasətə siyasət naminə gəlmişəm, bunu hamı yaxşı bilir. Nə qədər ki, Azərbaycanda siyasət var, mənim də fiziki imkanlarım bu meydanda iştirak etməyə imkan verir, fərqi yoxdur, partiya sədri, yaxud da qeyri-sədr kimi bu meydandayam. Söhbət mənim partiya sədriliyimdən getmir. Burada əsas məqam siyasətdə olmaqdır. Guya partiya üzvləri sədrlərdən az siyasi effekt verir cəmiyyətə? Sədr olub-olmamağın məsələyə nə aidiyyəti var? Hər kəsin öz fikiri və məqsədi var. Sədlikdən gedən partiya sədrlərinin mənə nə aidiyyəti var? Mən başqaları kimi siyasətə gəlməmişəm ki, başqaları kimi də siyasətdən gedəm".

Sərdar Cəlaloğlu öz yolunun olduğunu önə çəkib:

"İkincisi, məni kimsə sədr təyin etməyib. Mənə nə vaxtsa kimsə deyib ki, sədr ol, indi də desin ki, sədrlikdən get. Kimsənin hüququ yoxdur ki, desin bəsdir daha, sədrlikdən get. Bu şeylər hamısı partiya nizamnaməsi, seçki yolu ilə müəyyən olunur. Partiya üzvləri məni seçməyibsə, istəsəm də qala bilmərəm. Partiya üzvləri məni seçibsə, qalmalıyam. Mən başqalarının getdiyi yolu meymun kimi yamsılayan deyiləm, öz yolum var".

Qeyd edək ki, bir neçə gün öncə Vəhdət Partiyasının sədri Tahir Kərimli sədrlikdən istefa verib. Onun ardınca isə Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı sədrlikdən gedəcəyinə dair bəyanat yayıb.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->