Xəbər lenti

NATO ölkələrinin hərbi xərcləri: Niyə ABŞ-a 3.2, Avropaya 5 faiz?
Dünya 12:45 03.05.2025

NATO ölkələrinin hərbi xərcləri: Niyə ABŞ-a 3.2, Avropaya 5 faiz?

"Ukraynadan sonra növbə digər postsovet ölkələrinə, Polşaya çatacaq. Ona görə də NATO-ya üzv ölkələrin hərbi xərclərinin artırılması iqtisadi məsələdən daha çox siyasi məsələdir".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli NATO baş katibi Mark Rüttenin alyans ölkələrinə ünvanladığı ABŞ prezidenti Donald Trampın hərbi xərcləri ÜDM-nin 5 faizinə qaldırmaq tələbinə uyğun hərəkət etmək çağırışını şərh edərkən deyib.

Ekspert bildirib ki, ABŞ NATO-ya üzv Avropa ölkələrini sıxmaqla məşğuldur: 

"Tramp və ondan əvvəlki prezident Co Bayden dəfələrlə vurğulayıb ki, Avropanın taleyi həm də Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılıdır. Yəni bu müharibənin nəticəsi bilavasitə Avropa ölkələrinə də təsir göstərəcək. Ukraynadan sonra Rusiya Avropanı da rahat buraxmayacaq. Ona görə açıq kontekstdə bildirirlər ki, Avropa Ukraynaya hərbi yardımları daha da artırmalı, bu işdə əsas ağırlığı öz üzərlərinə götürməlidirlər. Belə bir vəziyyətdə ABŞ Avropaya başa salır ki, Moskva müharibədən qalib çıxarsa, bu, Rusiyanı gücləndirəcək. Özü də bu, ciddi təhdiddir. Avropa da Rusiya təhdidini gözəl anlayır. Bilirlər ki, Ukraynadan sonra növbə digər postsovet ölkələrinə, Polşaya çatacaq. Ona görə də fikrimcə, NATO-ya üzv ölkələrin hərbi xərclərinin artırılması məsələsi iqtisadi məsələdən daha çox siyasi məsələdir. Bu səbəbdən də Qərb öz müdafiə qabiliyyətinin gücləndirilməsinə xüsusi önəm verməlidir. Bunun üçün də müdafiəyə daha çox sərmayə yatırmalıdırlar".
 


Ekspert qeyd edib ki, istəyib-istəməmələrindən asılı olmayaraq, mövcud vəziyyətdə Avropa ölkələri hərbi xərcləri ÜDM-nin 5 faizinə qaldırmağa məhkumdurlar:

"Real təhdid qarşısında artıq bu bir zərurətdir, Avropanın başqa çıxış yolu da yoxdur. Buna getməsələr, onlar üçün ciddi problemlər yaşanacaq. Geriyə yol yoxdur. Avropa öz ordusunu gücləndirməli, hətta daha ciddi bloklar yaratmalıdır. ABŞ-ın müdafiə xərcləri ÜSDM-nin 3,2 faizini təşkil etdiyi halda, Trampın Avropa ölkələrindən bu rəqəmi 5 faizə qaldırmağı tələb etməsi isə ABŞ prezidentinin əvvələr də vurğuladığı kimi, bir daha onu göstərir ki, Ağ Ev "köhnə qitə”nin müdafiəsində əsas rol oynamaq niyyətində deyil. Onlar bu rolu Avropanın üzərinə atmaqla əsas ağırlığın da onların üzərinə düşməsində maraqlıdırlar".
 
Qeyd edək ki, NATO-nun baş katibi Mark Rütte alyans üzvlərinə Trampın tələbini yerinə yetirmək üçün müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 3,5 faizinə qədər qaldırmağı və daha 1,5 faizi təhlükəsizliklə bağlı daha geniş məqsədlərə xərcləməyi təklif edib. Xatırladaq ki, Tramp NATO üzvü olan Avropa ölkələrindən hərbi xərclərini ÜDM-nin 5 faizinə qədər qaldırmağı tələb edib. 

İndilikdə NATO-nun cari xərcləri ÜDM-nin 2 faizi civarındadır və onu alyansın 32 ölkəsindən 22-si ödəyir. Lakin mövcud vəziyyətdə NATO-nun heç bir ölkəsi Trampın 5 faizlik tələbinə cavab vermir. Məlumatlara görə, ABŞ-ın özü müdafiəyə ÜDM-nin cəmi 3,2 faizini xərcləyir. Bu sahədə lider ölkə olan Polşa isə 4 faiz. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->