Xəbər lenti

Ancelina Coli komediya janrına qayıdır
Sənət 22:26 07.05.2025

Ancelina Coli komediya janrına qayıdır

Məşhur amerikalı aktrisa Ancelina Coli "Anxious people"adlı yeni film layihəsi ilə komediya janrına geri dönür. 

Qaynarinfo xəbər verir ki, isveçli yazıçı Fredrik Bekmanın eyniadlı romanı əsasında çəkiləcək bu film uğursuz bir bank soyğunundan sonra bir qrup insanın bir mənzildə əsir alınması ilə başlayıb emosional hadisələrlə davam edən absürd bir hekayəni əhatə edir.

Karyerasına 1982-ci ildə "Lookin' to Get Out" filmində uşaq aktyor kimi başlayan Coli 1995-ci ildəki "Hackers” filmi ilə geniş auditoriyaya tanınıb. Daha sonra "Playing by Heart”, "Girl, Interrupted” və "Mr. & Mrs. Smith” kimi filmlərlə həm romantik, həm də dramatik rollarda uğurlu çıxışlar edib.

Yenidən komediyaya dönüş

Son illərdə Coli əsasən dramatik layihələrdə yer alıb və daha sakit tempdə fəaliyyət göstərib. 2021-ci ildə "Eternals” filmi ilə Marvel Kinematoqrafik Kainatına daxil olan aktrisa, üç illik fasilədən sonra ötən il opera sənətçisi Mariya Kallasın həyatına həsr olunmuş "Maria” adlı bioqrafik filmlə kamera qarşısına qayıtdı. Bu roldakı çıxışı ona "Ən yaxşı qadın aktrisa” nominasiyasında "Oskar” mükafatına namizədlik qazandırıb. Coli həmçinin 2022-ci ildə yazıb rejissorluğunu etdiyi "Without Blood” adlı müharibə mövzusunda film ilə rejissor kimi də uğur əldə edib.

İndi isə Coli Fredrik Backmanın "Anxious people” romanının kino adaptasiyası ilə komediya janrına yenidən qayıtmağa hazırlaşır. Kitab ilk dəfə 2019-cu ildə İsveçdə nəşr olunub, 2021-ci ildə isə ingilis dilinə tərcümə edilib. Əsər daha əvvəl 2021-ci ildə altı bölümlük "Netflix” mini-serialı kimi ekranlaşdırılmışdı.

Filmin rejissoru "Finding Neverland” və "World War Z” kimi tanınmış ekran işləri ilə məşhur olan Mark Forster olacaq. Ssenarini isə "Life of Pi” və "Finding Neverland” kimi layihələrlə tanınan Devid Meeji yazacaq. Layihənin prodüserləri arasında Fredrik Vikström Nikastro, Rene Vulf, Neda Backman və Mark Forster yer alır. Film "Black Bear" və "Hope Studios" tərəfindən istehsal olunur.

Fredrik Bekmanın əsərlərinin kinodakı uğurları

Fredrik Bekman sinema dünyasında da uğur qazanan yazarlardan biridir. Onun ən tanınmış əsərlərindən biri olan "A man called Ove” əvvəlcə İsveçdə eyni adla ekranlaşdırılıb. Daha sonra Hollivud versiyası "A man called Otto” adı ilə Tom Henksin baş rolda çıxış etdiyi filmə çevrilib. Bu film 113,3 milyon dollar gəlir əldə edərək böyük uğur qazanıb.

İndi isə "Anxious people” filminin də oxşar uğur qazanacağı gözlənilir. Ancelina Colinin baş rolda çıxış etməsi, layihəyə olan marağı artıracaq əsas amillərdən biridir. Bu film həm Colinin aktyorluq karyerasında yeni bir dönüş nöqtəsi ola, həm də Fredrik Backman əsərlərinin kinoda uğurlu yolunu davam etdirə bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->