Avropanın əksər paytaxt şəhərləri turistlərlə doludur və öz memarlığı, mənzərələri ilə diqqət çəkir. Lakin yalnız bir paytaxt Avropada ən hündürdə yerləşməsi ilə fərqlənir.
Qaynarinfo xəbər verir ki, Pirene dağlarında, dəniz səviyyəsindən 1023 metr yüksəklikdə yerləşən Andorra-la-Velya - Andorranın paytaxtıdır.
"Daily Mail"in yazdığına görə, Avropanın ən kiçik paytaxtlarından biri olan bu şəhərin sahəsi cəmi 13 kvadrat kilometrdir. Müqayisə üçün, London ondan 120 dəfə böyükdür. Ən maraqlısı isə odur ki, Andorraya çatmaq asan deyil, çünki ölkə ərazisində nə hava limanı, nə də dəmir yolu mövcuddur.
Buna baxmayaraq, hər il təxminən 10 milyon turist bu kiçik Avropa paytaxtına üz tutur. Ən əlverişli yol əvvəlcə İspaniyanın Barselona, Jirona və ya Lerida şəhərlərinə, yaxud Fransanın Tuluza şəhərinə uçmaq, oradan isə avtomobillə Andorraya getməkdir.
Şəhərə gələn turistlər Avinguda Meritxell adlı ticarət küçəsində yerləşən iri mağaza və "duty-free" dükanlarından alış-veriş edə bilirlər. Andorrada Avropanın ən aşağı ƏDV dərəcələrindən biri tətbiq olunur.
Turistlər üçün ən cəlbedici məkanlardan biri də 1987-ci ildə təbii termal mənbələr əsasında inşa edilmiş "Caldea" termal spa-mərkəzidir. Bu, Cənubi Avropanın ən böyük spa-mərkəzi hesab olunur. Burada saunalar, hamamlar, müxtəlif vannalar və dağlarla əhatələnmiş açıq laguna fəaliyyət göstərir. Üç saatlıq əsas paket 30,50 avrodan başlayır.
Bundan başqa, şəhərin köhnə hissəsində IX əsrdə inşa edilmiş roman üslublu "Sant Esteve" kilsəsi yerləşir. Paytaxt həm də Pirene dağlarında gəzinti və yürüşlər üçün əlverişli məkan sayılır.
Andorrada hava dağ iqlimi ilə səciyyələnir: qışda maksimum temperatur təxminən 8°C, ildə orta hesabla 228 sm qar yağıntısı müşahidə olunur. Ən isti aylar iyul və avqustdur, həmin dövrdə temperatur 24°C-yə qədər yüksəlir.
Aydın
Şərhlər