Nazirlər Kabinetinin qərarına əsasən bildirək ki, 2025-2026-cı tədris ili üçün Azərbaycan Tibb Universitetində "Tibb” ixtisasının illik təhsil haqqı 2000 manat artırılıb. Ötən il bu ixtisas üzrə ödəniş 4500 manat olduğu halda, bu il məbləğ 6500 manata yüksəlib. Tibb Universitetində təhsil haqqının 2 min manat artırılması ilə bağlı qərar cəmiyyətdə böyük səs-küyə səbəb olub. Mütəxəssislər hesab edir ki, bu qərardan sonra təhsil haqqını ödəyə bilmədiyindən kasıb balaları tibbi təhsil ala bilməyəcək.
Bəs, bu tələbələrin aqibəti necə olacaq?
Milli Məclisin eks deputatı Etibar Əliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu günə kimi təhsil haqlarının artırılmasının heç bir əsası yoxdur:
"Təhsil haqları universitetlərdə təhsilin keyfiyyəti ilə adekvat olmalıdır. Uzun illərdir təhsil sahəsi ilə məşğul olan bir şəxs kimi deyə bilərəm ki, indiki vəziyyətdə, düşünmürəm ki, Tibb Universitetində təhsilin keyfiyyəti dəyişib. Türkiyə universitetlərinə nəzər yetirdikdə görürük ki, Azərbaycandakı uyğun tibb ixtisasları üzrə təhsil haqqı 1000 manatı keçmir. Təəssüf edirəm ki, bu məsələyə haqq qazandıranlar tibbin bütün dünyada bahalı təhsil olduğunu vurğulayırlar. Şübhəsiz ki, bu, klinikalarla, professor-müəllim heyətinin yetişdirilməsi ilə bağlıdır. Azərbaycanda isə professor-müəllim heyətinin necə formalaşdığını biz gözəl bilirik. Olduqca maraqlı bir məsələni xatırladım. Tibb Universitetində ştatda olan müəllimlərin sayı çoxdur, yoxsa 0,5 ştatda olanların? Onlar tam ştatı parçalamaqla eyni sayda müəllim işə götürüblər. Bu keyfiyyət deyil, kəmiyyət faktorudur".
Etibar Əliyevin fikirincə, klinikaları əsas gətirərək təhsil haqlarının qaldırılması məsələsi absurddur:
"Çünki Azərbaycanda kilinikaların əksəriyyəti ya özəldir, ya da dövlət idarə edir. Onlar deyə bilər ki, müəllimlərin əmək haqqının yüksəldilməsi üçün klinikalardan toplanan vəsaitin hesabına bu prosesi həyata keçirmək olar. Bütün dünyada təhsil hüquqlarının təminatı prinsipi hökm sürür. Təhsil insanlara məmnunluq gətirir. Təhsil insanları borca salmamalı, banka bağlamamalıdır. Keyfiyyətdə heç bir şey baş vermədiyi halda bu şəkildə təhsil haqlarının qaldırılması məqsədəuyğun deyil. Bunu əvvəlcədən düşünüb, ölçüb-biçmək lazım idi. İnsanlar uşaqlarını oxutmaq üçün evlərini satıb yaşadığı evdən aşağı səviyyəli evlərə üz tutmamalıdır. Müəyyən fondlar, imkanlı adamlar imkansız tələbələrin təhsil almasında maraqlı olmalıdır".
Etibar Əliyev hesab edir ki, 4500 manatın özü Azərbaycan tibb təhsili üçün böyük məbləğdir:
"Tələbə valideyininin onu borcla oxutduğunu düşünməməlidir. Tələbə bunu biləndə depresiyaya düşür. Bu olmamlıdır. Bu günün tələbəsi sabahın insan kapitalıdır. Valideyn uşağının Tibb Universitetinə daxil olması üçün 4-5 il pul xərcləyir, ona əlavə müəllimlər tutur. Bu, çalışan valideynin əmək haqqının böyük faizini təşkil edir. Onsuz da valideyinin bura kimi xərci çox olub. Bu qədər təhsil haqqı ilə insanları imtahana çəkmək olmaz, yaxşı hal deyil. Bakı Dövlət Universitetində hansı keyfiyyətli təhsil verilir ki, 5500 təhsil haqqı var? Bu ki tibb təhsili deyil, klinikası yoxdur. Az pul deyil, bunun kirayə, yemək, gündəlik xərclik pulu var, bəs bunlar necə olacaq, bu doğru qərar deyil. Azərbaycan xalqı övladı üçün gün ağlayan, dəridən-qabıqdan çıxan xalqdır. İstəyir ki, övadı təhsil alsın. Təhsilə böyük önəm verir. Bundan istifadə edib təhsil haqlarını bu qədər qaldırmaq olmaz".
Təhsil eksperti Məzahir Məmmədli hesab edir ki, bu günə kimi Azərbaycanda ən bahalı fakültələr Bakı Dövlət Universiteti, Tibb Universiteti və Musiqi Akademiyasında idi:
"Orada təhsil haqqı hardasa, 6-8 min aralığında idi. Azərbaycanda təhsil haqları vətəndaşların cibinə uğun deyil. Ona görə də əksər abituriyentlər xaricdə təhsil almağa üstünlük verir. Həm keyfiyyəti üstündür, həm də ödəniş haqları azdır. Azərbaycanda isə ödəniş yüksək, təhsilin keyfiyyəti isə aşağıdır. Ona görə də seçim qarşısında qalan abituriyentlər xarici ölkənin təhsilini seçir. Biz deyirik ki, Azərbaycanda qəbul qaydaları sadələşdirilməlidir ki, insanlar xaricə axın etməsin".
Məzahir Məmmədlinin sözlərinə görə, bu məsələ ilə bağlı maarifləndirmə işi aparılmadığından abituriyentlərin çoxu bu barədə məlumatsızdır:
"2024-2025-ci ildə Azərbaycandakı univesitetlərdən təxminən 7 min nəfər tədrisdən kənarlaşmışdı. Bəziləri təhsil haqqını ödəyə bilmədiyi, bəziləri də ixtisas uyğunsuzluğuna görə. Düşünürəm ki, 2025-2026 ildə biz bu səbəbdən tədrisdən kənarda qalan abituriyentlərin sayında artım görəcəyik".
Bahar Rüstəmli
Şərhlər