"Neftimizin alıcısı olaraq Hindistanın sıradan çıxmasının Azərbaycana hər hansı bir ciddi təsiri olmayacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında ekspert Akif Nəsirli Pakistanla qarşıdurma fonunda Hindistan hökumətinin bir sıra ölkələrlə yanaşı, Azərbaycana qarşı embarqolar tətbiq etməsi, ölkəmizdən gələn məhsulları boykot etmək, hindli turistləri Azərbaycana səfərlərdən çəkindirməklə bağlı bəyanatlarını şərh edərkən deyib.
Akif Nəsirli bildirib ki, Hindistanın bu qərarı Pakistanla olan münaqişə ilə bağlıdır:
"Siyasi hakimiyyət hər hansı bir bəyanat verə bilər. Amma bu bəyanatların arxasında iqtisadi hərəkətlilik olmalıdır. Bu isə zamana bağlıdır. Azərbaycana gələn xarici turistlər arasında Hindistan vətəndaşlarının çəkisi xüsusi yer tutur. Azərbaycan isə son iki ildə Hindistana əsasən neft satır. Hindistanın neftə olan tələbatı böyükdür. Bu ölkə neft satışından ciddi mənfəət əldə edir. Əvvəllər Rusiyadan aldığı nefti özünün neftayırma zavodlarında emal edib, neft məhsulu olaraq qonşu ölkələrə satırdı. İndi isə sanksiya hədələrilə Rusiyadan silah almağı dayandırıb və neft idxalını da minimuma endirib. Belədə nefti Azərbaycandan almağa başladı. Bu mənada müştərimiz olaraq Hindistanın sıradan çıxması Azərbaycan üçün o qədər də əhəmiyyət kəsb etmir. Çünki müştərilərimiz çoxdur. Hindistana isə bu addım zərər vuracaq. Oradan aldığımız düyü və çayı başqa ölkələrdən, Pakistanın özündən də ala bilərik".
Ekspertin fikrincə, Dehli hökumətinin hindli turistləri Azərbaycana səfərlərdən çəkindirmək cəhdləri də nəticə verməyəcək:
"Hindistandan Azərbaycana turist axınının çoxalmasının səbəbi isə mənəviyyat məsələsilə bağlıdır. Onun qarşısını isə Hindistan hökuməti heç zaman ala bilməyəcək. Verilən bu sayaq bəyanatlarla hindistanlı turistlərin Azərbaycana axınını əngəlləmək müşkül məsələdir. Çünki bu ölkədən Azərbaycana gələn turistlərin 99 faizi Suraxanı rayonunda yerləşən Yanar Dağı ziyarət etmək üçün gəlir".
Qeyd edək ki, Hindistan son günlər Azərbaycana qarşı bir sıra qərəzli addımlar atır. Belə ki, Nyu-Dehli Azərbaycan mallarını boykot etdiyini bəyan edib. Digər tərəfdən, hindli turistləri Azərbaycana səfərlərdən çəkindirən açıqlamalar veriblər. Hətta "Cox & Kings, "Ease My Trip kimi turizm şirkətləri bu istiqamətdə addımlar da atıb.
Azərbaycanla Hindistan arasındakı ticarət dövriyyəsi 2024-cü ildə 957 milyon dollar təşkil edib. Azərbaycan Hindistana 734 milyon dollarlıq mal satıb (onun 99%-dən çoxu - 730 milyon dollar) neft və neft məhsullarıdır, əvəzində Hindistandan 223 milyon dollarlıq mal alıb. Onun da əsas hissəsini düyü təşkil edib.
Rüfət Sultan
Şərhlər