Ağrı hər kəsin təcrübə etdiyi universal bir hissdir. Lakin bütün ağrılar eyni səviyyədə deyil. Bəzi ağrılar qısa müddətli narahatlıqlarla məhdudlaşır, digərləri isə insanın həyatını kökündən sarsıdacaq qədər şiddətli ola bilər.
Qaynarinfo xəbər verir ki, Kanadanın Makgill Universitetində aparılan yeni araşdırmalar nəticəsində isə fiziki cəhətdən ən dözülməz ağrıların hansı olduğu ilə bağlı daha aydın təsəvvür formalaşıb.
Ayaq barmağının bir yerə dəyməsini və ya əzələlərin tutulmasını unutmaq lazımdır. Aşağıda qeyd edilən ağrı növləri həm fiziki, həm də psixoloji iz buraxacaq qədər təsirlidir və elmi baxımdan, xüsusilə ilk iki hal, insan bədəninin tab gətirə biləcəyi ən ağrılı vəziyyətlər kimi qiymətləndirilir.
Əgər həkim qəbulunda ağrınızı 1-dən 10-a qədər qiymətləndirməyiniz istənilibsə, yəqin ki, Visual Analog Scale (VAS) adlanan metoddan istifadə olunub. Bu, dünyada ağrını ölçmək üçün geniş istifadə edilən bir üsuldur. Lakin bu ölçü vahidi tam mükəmməl deyil: çünki ağrı fərdi hissdir və bir insan üçün dözülməz olan ağrı başqası üçün dözümlü ola bilər. Buna baxmayaraq, VAS təcrübələri müqayisə etmək üçün faydalı çərçivə təqdim edir.
Makgill Universitetindəki tədqiqatçılar bu ölçüdən istifadə edərək, bilinən heç bir müalicənin tam rahatlıq gətirə bilmədiyi qədər şiddətli, dayanılmaz ağrıların izinə düşüblər. Nəticədə iki tanış "şübhəli” bu siyahının başında yer alıb – hər ikisi də pasiyent hesabatlarında ağrı ölçəklərində son dərəcə yüksək dəyərlərlə göstərilib.
1. Yerin birincisi: Kompleks regional ağrı sindromu (CRPS)
CRPS adətən sınıq, burxulma və ya cərrahiyyə kimi zədələrdən sonra yaranan xroniki, nevroloji bir pozuntudur. Bu sindromu bu qədər acımasız edən təkcə ağrının özü deyil, eyni zamanda bədəndə yaratdığı zəncirvari reaksiyalardır. CRPS sinir sisteminin nəzarətdən çıxmasına səbəb olur.
Ağrı ilkin zədə ilə müqayisədə qeyri-mütənasib dərəcədə hiss olunur – yandırıcı, zonklayıcı və bıçaq batırırmış kimi ağrılar müşahidə olunur. Bununla yanaşı, şişlik, titrəmə, həddindən artıq həssaslıq və dəri rəngində və ya temperaturunda dəyişikliklər də baş verir. Bütün bunlar bədəni sanki hücuma məruz qalmış kimi hiss etdirir.
Bəzi hallarda xəstələr, hətta üst geyiminin də dərilərinə toxunmasının ağrıya səbəb olduğunu bildirirlər. Problem ondadır ki, CRPS bəzən həftələrlə, aylarla və nadir hallarda illərlə davam edə bilər və müalicə variantları olduqca məhduddur.
2. İkinci yerdə: "Güllə qarışqası”nın sancması
Orta və Cənubi Amerikanın yağış meşələrində yaşayan "Paraponera clavata” adlı mermi (güllə) qarışqası, kiçik ölçüsünə baxmayaraq, ağrının ən intensiv növlərindən birinə səbəb olur. Adını da verdiyi bu ağrının, guya bədənə güllə dəymiş kimi hiss etdirdiyi bildirilir. Ağrı bədənin digər hissələrinə yayılır, əzələ spazmına səbəb olur və təsirlənmiş bölgəni saatlarla hərəkətsiz vəziyyətdə saxlayır.
Böcək sancmalarını intensivliyinə görə sıralayan "Şmidt Ağrı İndeksi”nə görə, bu qarışqa birinci yerdə qərarlaşıb.
Ən güclü 10 ağrı - CRPS və mermi qarışqasından sonra gələnlər
Doğuş - bütün bədəni əhatə edən güclü sancılar, bel ağrısı, çanaq təzyiqi və digər kompleks ağrılarla müşayiət olunur.
Barmaq kəsilməsi - xüsusilə anesteziya olmadan olduqda şiddətli ağrı verir və hiss, yaralanma bölgəsindən daha uzaqlara yayılır.
Kron xəstəliyi - bağırsaqlarda iltihab yaradaraq, qarında burxulma şəklində şiddətli ağrılara səbəb olur.
Romatoid artrit - oynaqlarda şiddətli iltihab, sərtlik və uzunmüddətli hərəkətsizlik yaradan autoimmün xəstəlikdir.
Fibromiyalgiya - geniş yayılmış əzələ və oynaq ağrısı, tez-tez yorğunluq və yuxu pozuntuları ilə müşayiət olunur.
Böyrək daşı - sidik yollarının tıxanmasından qaynaqlanan, qarından qasıqlara doğru yayılan bıçaq batırır kimi ağrı dalğaları yaradır.
Miqren - yalnız baş ağrısı ilə kifayətlənmir, ürəkbulanma, işıq və səsə qarşı həssaslıq kimi simptomlarla bədəni tam təsir altına alır.
Trigeminal nevralgiya - üz sinirini təsir edən nadir, lakin dözülməz ağrı ilə xarakterizə olunan bir vəziyyətdir. Fransadakı Rothschild Fondu Xəstəxanasının araşdırmasına görə, bu xəstəlik 70 milyon əhalili Fransada təxminən 5 min nəfəri təsir edir və əsasən 50 yaşdan yuxarı qadınlarda rast gəlinir.
Aydın
Şərhlər