"Onlayn kredit verilməsi zamanı "ASA İmza"dan istifadə edilməsi vacib olmalıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında problemli kreditlərin artmasından danışarkən iqtisadçı ekspert Akif Nəsirli deyib.
Ekspert ölkədə problemli kreditlərin artması fonunda bankları bu riskə getməməyə səsləyib:
"Banklar vətəndaşı tapa biləcəklərinə güvənirlər. Borc verdikləri vətəndaşın ilk növbədə real olduğunu müəyyənləşdirməsələr də, sonradan adına kredit sənədləşdirilən şəxsi asanlıqla tapa və onun qarşısına tələb qoya bilirlər. Ona görə də banklar bir qədər arxayındırlar. Hesab edirəm ki, bu məsələni tənzimləyən xüsusi qanuna ehtiyac var. Məsələn, birinin telefonunu oğrayıblar. Telefon da kodsuzdur. Həmin adamın telefonunu götürüb nə qədər istəsən kredit rəsmiləşdirmək olar. Beləliklə də onu borc altında qoymaq asandır".
Akif Nəsirli vurğulayıb ki, bu sistem vətəndaşlarda banklara qarşı təzə-təzə yaranmış güvəni sarsıdır:
"Məsələ qanunvericiliklə tənzimlənməlidir. İlk növbədə prosesdən hökumət narahat olmalı, məsələnin qarşısını almaq üçün qanun qəbul etməlidir. Bank kredit verdiyi vətəndaşla üzbəüz oturmalıdır. Yaxud da vətəndaş pul almaq istəyirsə, bankın yerləşdiyi məkana getməlidir. Kreditin verilməsi ən azı qarşı-qarşıya təmasdan keçməlidir".
Ekspert hesab edir ki, Azərbaycan hökuməti onlayn kreditə qadağa qoymalıdır:
"Çünki, məsələn, kiminsə telefonunu əlindən alaraq təzyiq edərlər, bıçağı boğazına dirəyərək deyərlər ki, "aç telefonu, mənim üçün kredit götür". Niyə belələrinə şərait yaradılmalıdır?".
Bahar Rüstəmli
Şərhlər