Xəbər lenti

Saxta həkim işə düzəltmək adı ilə 3000 manatlıq dələduzluq etdi
Ölkə 14:30 04.08.2025

Saxta həkim işə düzəltmək adı ilə 3000 manatlıq dələduzluq etdi

Özünü Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkimi kimi təqdim edən şəxs həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 1983-cü il təvəllüdlü, Beyləqan rayonunun 1-ci Şahsevən kəndində anadan olmuş Rahib Məmmədovun (soyad şərti) barəsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə açılmış cinayət işinə baxılıb.

Məhkəmədə məlum olub ki, zərərçəkmiş şəxs Arif "Yüksəl Tibb Mərkəzi” MMC-də tibb qardaşlığı kurslarını keçib. Həmin mərkəzdə müəllim işləyən F.G.-nin tövsiyəsi ilə Arif, Rahib Məmmədovla tanış olub. Özünü Respublika Klinik Xəstəxanasının həkimi kimi təqdim edən Məmmədov, guya Arifi həmin xəstəxanada tibb qardaşı kimi işə düzəldəcəyini vəd edərək ondan ümumilikdə 3000 manat pul alıb.

Aparılan istintaq zamanı məlum olub ki, Rahib Məmmədov nəinki sözügedən xəstəxanada işləmir, heç ümumiyyətlə tibbi təhsili də yoxdur. Məhkəmənin hökmü ilə o, dələduzluqda təqsirli bilinərək 2 il 7 ay 24 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, son iki ildə Azərbaycanda tibbi kollecləri bitirməyən şəxslərin dövlət və özəl tibb müəssisələrində çalışması qadağan olunub. Buna baxmayaraq, "Yüksəl Tibb Mərkəzi” kimi kurslar vasitəsilə insanlara ödəniş müqabilində qeyri-rəsmi "tibb bacısı və ya qardaşı diplomu” təqdim edilməsi halları hələ də davam edir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->