"Sözügedən açıqlama əslində rəsmi Kremlin təlimatları, tezisləri əsasında Rusiya ictimaiyyətini Azərbaycan və Ermənistana qarşı yönəldən birgə qara piar kampaniyasının tərkib hissiəsidir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev rusiyalı teleaparıcı Vladimir Solovyovun öz müəllif proqramında Azərbaycana münasibətdə sərgilədiyi növbəti qərəzli davranış və hücumlarının arxasında nələrin dayandığını şərh edərkən deyib.
Həmsöhbətimizin fikrincə, rusiyalı şovinist teleaparıcı Solovyovun Azərbaycana və hazırkı Ermənistan hakimiyyətinin ünvanına sərt, kifayət qədər qərəzli fikirlər səsləndirməsi, saxta "artsax” ifadəsini işlətməsi Bakı ilə İrəvan arasında sülhün əldə edilməsi istiqamətində ciddi irəliləyişin olduğu barədə məlumatlı olmalarından irəli gələ bilər:
"Bu da təkcə şovinist Solovyovun deyil, həm də imperiyapərəst düşüncədə olan digər rus ziyalıları, dövlət rəsmilərini narahat edən məsələ olduğundan Azərbaycanı və Ermənistanın hazırkı hakimiyyətini özləri üçün yenidən hədəf seçiblər. Onlar fərqindədir ki, Bakı ilə İrəvan bu mərhələdə sülh müqaviləsi imzalayıb, barışıq əldə edə bilərsə, mövcud vəziyyət Rusiyanın Cənubi Qafqazda varlığının sonlanmasına gətirib çıxara bilər. Ona görə də sözügedən açıqlama hər iki ölkəyə qarşı sadəcə bir jurnalistin yanaşması deyil, əslində rəsmi Kremlin təlimatları, tezisləri əsasında Rusiya ictimaiyyətini Azərbaycan və Ermənistana qarşı yönəldən birgə qara piar kampaniyasının tərkib hissisi kimi qiymətləndirilməlidir".
Qeyd edək ki, Rusiyalı teleaparıcı Vladimir Solovyov Rusiyanın dövlət televiziya kanalı "Rossiya 1"də yayımlanan müəllif proqramında özünəməxsus qərəz və isterik davranışla Azərbaycana qarşı növbəti hörmətsizlik nümayiş etdirib. İrəvanda həbs edilən erməni əsilli Rusiya iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxan aparıcı bir neçə dəfə "artsax" ifadəsini işlədib, Ermənistan hakimiyyətini "artsaxı hədiyyə etməkdə" günahlandırıb, canlı yayımda birbaşa erməni xalqına müraciət edərək onu da gələcəkdə "artsaxın taleyinin gözlədiyini" deyib.
Rüfət Sultan
Şərhlər