Xəbər lenti

Xəzər rayonu sakinlərinin evlərini su basıb (FOTOLAR)
Foto 15:15 15.05.2025

Xəzər rayonu sakinlərinin evlərini su basıb (FOTOLAR)

Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsinin sakinləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. 

Müraciətdə qeyd olunur ki, Mərdəkan qəsəbəsində, Rəfael Cəfərov küçəsi və ona paralel ərazilərdə yerləşən 50-yə yaxın fərdi yaşayış və bağ evinin həyətləri, zirzəmiləri və məhəllədaxili yollar 2024-cü ilin oktyabr ayından bəri subasmaya məruz qalıb.

Sakinlər bildirirlər ki, uzun illər ərzində quru olan bu ərazidə yağıntılardan sonra su basqınları başlayıb: "Sel sularını öz imkanlarımızla təmizləməyə çalışsaq da, problemin qarşısını ala bilmədik. Qrunt sularının səviyyəsi qalxaraq zirzəmilərə dolur, evlərin bünövrəsinə ziyan dəyir, yaşıllıqlar məhv olur. Yağışsız havalarda belə həyətlərə su dolur, vəziyyət dözülməz həddə çatır. Özümüz quraşdırdığımız su nasosları da vəziyyəti düzəldə bilmir”.

Sakinlərin sözlərinə görə, bu vəziyyət məişət avadanlıqlarının sıradan çıxmasına, evlərin rütubətlənməsinə və yaşayışın çətinləşməsinə səbəb olur.

Müraciətdə həmçinin qeyd edilir ki, ərazidə nə kanalizasiya sistemi, nə də qrunt və yağış sularının axıdılması üçün drenaj sistemi mövcuddur. Ətrafda yerləşən 400 metr məsafədə drenaj xətti olsa da, həmin xətlərin sakinlərin yaşadığı əraziyə qoşulması üçün səlahiyyətli dövlət qurumlarının iştirakı ilə layihələndirmə və maliyyə dəstəyi tələb olunur.

Sakinlər bildirirlər ki, "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi"nin bu kimi hallarda tədbirlər planı hazırlayıb icra etməsi nəzərdə tutulur. Onlar problemin həllində yerli icra hakimiyyəti və aidiyyəti qurumların da birgə iştirakına ehtiyac olduğunu vurğulayıblar.

Müraciətə ərazidən çəkilmiş fotolar da əlavə olunub. Sakinlər Prezidentdən xahiş edirlər ki, müraciət nəzarətə götürülsün və müvafiq qurumlara problemin həlli ilə bağlı göstəriş verilsin (7news.az)

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->