Qazaxıstanın Mangistau vilayətinin Tupkaraqan rayonunda Xəzər dənizinin sahilinə vurmuş 88 suiti cəsədi tapılıb.
"Report” xəbər verir ki, bu barədə bu gün Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq Komitəsi məlumat yayıb.
Məlumata görə, suiti cəmdəkləri aprelin 29-da Jayık-Xəzər Regionlararası Hövzə Müfəttişliyinin əməkdaşları tərəfindən sahilyanı monitorinqlər zamanı aşkar edilib. "Qırmızı kitab”a daxil edilmiş heyvanların tələf olması faktı Tupkaraqan rayon polis şöbəsi tərəfindən ibtidai araşdırmaların vahid reyestrində qeydə alınıb.
"Qazaxıstan Hidrometeorologiya Xidmətinin məlumatına görə, ötən müddət ərzində regionun akvatoriyasında qərb küləyi üstünlük təşkil edib ki, bu da suitilərin cəsədlərini sahilə çıxarıb. Hidrobiologiya və Ekologiya İnstitutundan verilən məlumata görə, heyvanların cəmdəkləri çürümə prosesinin ağır mərhələsindədir”, - Komitənin məlumatında deyilir.
Müvafiq olaraq, suitilərin ehtimal olunan ölümündən xeyli vaxt (2-3 həftə) keçdiyindən heyvanların ölüm səbəblərini müəyyən etmək çətindir.
Cəmdəklər sanitar normalara uyğun olaraq Tupkaraqan rayon poliqonunda toplanaraq utilizasiya edilib. Xəzər dənizinin sahil zolağının monitorinqi davam edir.
Şərhlər