CBS telekanalının məlumatına görə, ABŞ-ın sabiq prezidenti Donald Trampın administrasiyasında milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts və onun müavini Aleks Vonq vəzifələrindən gedəcəklər.
Qaynarinfo xəbər verir ki, bu barədə telekanal məlumatlı mənbələrə istinadən bildirib.
"Nümayəndələrinin bildirdiyinə görə, milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts və onun müavini Aleks Vonq Ağ Evdəki vəzifələrini tərk edəcəklər”, deyə qeyd olunub.
Onların istefasının səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, martın 31-də "The Wall Street Journal” nəşri Mayk Uoltsun Ağ Evdəki həmkarları və ABŞ prezidenti Donald Tramp arasında nüfuzunu sürətlə itirdiyini yazmışdı. Bu, yüksək rütbəli məmurlar arasında məxfi məlumatların mesajlaşma tətbiqi olan "Signal” vasitəsilə sızdırılması qalmaqalı ilə əlaqələndirilirdi.
Belə ki, ABŞ-ın müdafiə naziri, dövlət katibi, milli təhlükəsizlik üzrə müşavir, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri və digər yüksək vəzifəli şəxslərin Yəməndə planlaşdırılan hərbi əməliyyata dair müzakirələri aparıldığı qapalı söhbət otağına yanlışlıqla "The Atlantic” jurnalının baş redaktoru Ceffri Qoldberq əlavə edilmişdi. Bu hadisə konqresdə ciddi narazılıq doğurmuş, rəsmi araşdırmalara səbəb olmuşdu. Ağ Ev yazışmaların həqiqiliyini təsdiqləsə də, bu məlumatların milli təhlükəsizlik üçün təhlükə yaratmadığını bəyan etmişdi.
Aydın
Şərhlər