"Ukrayna ilə ABŞ arasında bağlanan bu müqavilə əslində Kiyevə qorunma qalxanı vermək cəhdlərindən biridir. Çünki Qərb dövlətləri tərəfindən başqa cür Ukraynanı qorumaq mümkün deyil”.
Qaynarinfo-ya açıqlamasında bunu REAL sədri Natiq Cəfərli ABŞ-la Ukrayna arasında nadir minerallarla bağlı imzalanan sazişin tərəflərə nə verəcəyini və onun nə dərəcədə ədalətli olduğunu şərh edərkən deyib:
"Kiyevin NATO-ya üzv olması mümkünsüzdür. Digər tərəfdən, ABŞ öz qoşunlarını Ukraynada yerləşdirməyəcək. Bu, üçüncü dünya müharibəsinə səbəb ola bilər. Lakin müharibəni dayandırıb, Ukraynaya müəyyən zəmanətlər vermək lazımdır ki, ABŞ-la bağlanan həmin anlaşma da əslində qlobal olaraq zəmanət anlaşmasıdır”.
Həmsöhbətimiz bildirir ki, Ukraynadakı resursların gəlirli olması ciddi sual altındadır:
"Müqavilənin özündə də yazılıb ki, ən yaxşı halda 10 ildən sonra müəyyən gəlir əldə etmək mümkün olacaq. Bu 10 il ərzində isə prosesə böyük investisiyalar qoyulacaq. Hətta Rusiyanın dondurulmuş vəsaitlərinin bir qismi də Ukrayna ərazisinə yatırılacaq. Bu səbəbdən həmin saziş ABŞ-ın müharibəni saxlamaq və sülhün əldə olunması istiqamətində atdığı addımlardan biridir. Əsas isə odur ki, saziş Kiyevə zəmanət verir. Obrazlı desək, sazişə əsasən, Ukraynanın bir sıra limanları və infrastrukturunun Amerika ilə birgə mülkiyyətə keçəcəyini nəzərə alsaq, Rusiyanı həmin əraziləri vurmaqdan çəkindirəcək”.
Ekspert düşünür ki, bu saziş atəşkəs və sülh müqaviləsinin imzalanmasını sürətləndirəcək:
"Fikrimcə, Kiyev sazişi daha tez imzalasaydı, artıq atəşkəsin reallaşdığının şahidi ola bilərdik”.
Trampın ABŞ-ın hasilat bölgələrində mövcudluğu "bir çox pis oyunçuları ölkədən uzaq saxlayacaq fikri fonunda bu açıqlamanın işğal altında olan ərazilərə də aid olub-olmadığına aydınlıq gətirərkən N. Cəfərli qeyd edib ki, sazişdən irəli gələn şərtlərin həm Kiyevin nəzarətində, həm də Rusiyanın nəzarətində olan Ukrayna torpaqlarında istifadəsi mümkündür:
"Ola bilər ki, olsun. İşğal edilmiş torpaqlar formal olaraq Ukrayna ərazisidir. Rusiyanın dondurulmuş vəsaitlərindən istifadə məsələsi gündəmə gələcək. Ona görə sazişin şərtlərinin həm Kiyevin, həm də Rusiyanın nəzarətində olan Ukrayna torpaqlarında istifadəsi mümkündür”.
Qeyd edək ki, nəhayət ABŞ-la Ukrayna faydalı qazıntılara dair sazişi imzalayıblar.
Bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, saziş ABŞ-yə alüminium, qrafit, neft və təbii qaz da daxil olmaqla Ukraynanın təbii ehtiyatlarının inkişafı ilə bağlı yeni investisiya layihələrinə imtiyazlı giriş imkanı verəcək.
Ukrayna Baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko ABŞ ilə birgə investisiya fondunun yaradılmasını nəzərdə tutan faydalı qazıntılara dair sazişin imzalandığını təsdiqləyib.
Sənədə əsasən, Ukrayna yeni icarə haqqı və yeni sahələrdə faydalı qazıntıların çıxarılması üçün yeni lisenziyalardan əldə olunan bütün gəlirin 50 %-ni bu fonda verəcək. ABŞ və Ukrayna fondun idarə olunmasında bərabər səsə sahib olacaqlar.
Tramp isə aprelin 30-da bildirib ki, "Ukrayna ilə mürəkkəb faydalı qazıntılar sazişi bağlamaq istəmirdi", lakin ABŞ-ın hasilat bölgələrində mövcudluğu "bir çox pis oyunçuları ölkədən uzaq saxlayacaq".
Bununla da o, əslində, Rusiyaya tezliklə müharibəni dayandırmağa məcbur olacağının mesajını verib.
Rüfət Sultan
Şərhlər