ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun Rusiya ilə apardığı danışıqlar administrasiyada məyusluq doğurub.
Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post” məlumat
yayıb.
Uitkof təkcə Trampın Yaxın Şərq üzrə nümayəndəsi deyil, həm də Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlar aparır. Nəşrin mənbələrinin bildirdiyinə görə, o, yüksək səviyyəli görüşlərdə təkbaşına iştirak edir və hətta bəzən Kreml tərcüməçilərinə güvənir ki, bu da oturuşmuş diplomatik prosedurlara ziddir.
Sonuncu dəfə ötən cümə günü Putinin qəbulunda olan Uitkof onu köhnə dost kimi qarşılayıb – "amerikalı rəsmiləri adətən müşayiət edən məsləhətçilər, ekspertlər və hərbi nümayəndələrsiz", – deyə məqalədə vurğulanır. Əvəzində Putin görüşə köməkçisi Yuri Uşakov və suveren fondun rəhbəri Kiril Dmitriyevlə birlikdə gəlib.
Demokratiyaların Müdafiəsi Fondunun Rusiya proqramı üzrə direktoru Con Hardi bildirib:
"Putinlə belə danışıqlara girən istənilən şəxs, əgər təcrübəli danışıqlar aparanları komandasına cəlb etsəydi, bundan yalnız qazanardı".
Trampın əvvəlki administrasiyasının nümayəndəsi isə Uitkof barədə belə deyib:
"Yaxşı oğlandır, amma çox yöndəmsiz, dəhşətli dərəcədə axmaqdır. O, bunu təkbaşına etməməlidir".
"Bəlkə də sadəcə özümü aldadıram"
Nəşr xatırladır ki, Uitkof Yaxın Şərq üzrə xüsusi nümayəndə kimi İsrail və HƏMAS arasında atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşma əldə etməyə çalışmışdı, lakin bu təşəbbüs uğursuz olmuşdu.
İsraildə isə Uitkofun diplomatik təcrübəsinin olmamasına və "çox şeyi öz üzərinə götürməsinə" diqqət çəkirlər.
Təl-Əvivdəki Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun əməkdaşı Danni Tsitrinoviç qeyd edib:
"Uitkoff bu qədər mühüm iki danışıqlar prosesi arasında vaxtını necə bölür? Məncə o, yaxşı adamdır, amma İran məsələsi o qədər çətindir ki, ümid edirəm, komandaya daha çox adam cəlb edər".
İki nümayəndə əvəzinə biri
"New York Post” Trampın Rusiya-Ukrayna müharibəsi üzrə iki xüsusi nümayəndəsi olduğunu bildirir. Uitkofla yanaşı bu vəzifəni general Kit Kelloq da icra edir. O əvvəlcə həm Ukrayna, həm də Rusiya üzrə nümayəndə idi, sonradan yalnız Ukrayna məsələsinə cavabdeh oldu. Rusiya ilə danışıqlar isə Uitkofun üzərinə düşür.
Məqalədə qeyd olunur ki, bu bölünmə "tarazlığı qorumağı çətinləşdirir".
Con Hardi deyir:
"Trampın Uitkof və Kelloq arasında vəzifələri bölüşdürməsi ilə bağlı problem ondadır ki, Trampa daha yaxın olan Uitkof ona Kremlin baxışlarını çatdırır, amma Kiyevin mövqeyinə təsiri azdır".
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol isə hesab edir ki, Tramp əgər doğrudan da Ukrayna müharibəsinin bitməsi məsələsinə ciddi yanaşırsa, hər iki tərəflə danışıqları aparmaq üçün tək bir, təcrübəli diplomat təyin etməlidir:
"Uitkof Putinin poçtalyonuna çevrilib. O, əslində heç bir danışıqlar aparmır", – deyə səfir bildirib.
Uitkoffun Putinlə danışıqları
UNIAN-ın yazdığına görə, 25 aprel tarixində Uitkofun Rusiyaya son səfəri zamanı Putin onunla Ukrayna ilə birbaşa danışıqlar məsələsini müzakirə edib. Putinin köməkçisi Yuri Uşakov bildirib ki, görüş "konstruktiv və çox faydalı" olub.
Makfol isə hesab edir ki, Uitkof Ukraynada atəşkəs üçün heç nə etməyib və onu daha təcrübəli bir diplomat əvəz etməlidir. Çünki bir şəxs eyni anda bir neçə ölkə ilə effektiv danışıqlar apara bilməz.
Uitkof yaxınlarda Putinlə dörd dəfə görüşdüyünü və heç birinin üç saatdan az çəkmədiyini, birinin isə "demək olar beş saat" davam etdiyini məmnuniyyətlə dilə gətirib.
Alpər
Şərhlər