Xəbər lenti

Aİ bu yolla Macarıstanın vetolarından yan keçmək istəyir - İki variant
Dünya 17:14 13.05.2025

Aİ bu yolla Macarıstanın vetolarından yan keçmək istəyir - İki variant

"Bu, kifayət qədər mürəkkəb prosesdir və indiki şərtlər daxilində ona gedilməsi kifayət qədər zaman alacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov Avropa İttifaqının Rusiyaya münasibətdə kapitalın hərəkətinə nəzarət qoymaq və tariflər tətbiq etmək niyyətinin mümkün olub-olmadığını şərh edərkən deyib. 

"Ən müxtəlif yollarla kapital axınları mümkündür. Həmin istiqamətdə nəzarətin qurulması kifayət qədər mürəkkəb mexanizmin formalaşdırılması və razılaşdırılmasını tələb edir. Təcrübə göstərir ki, Avropa İttifaqının bir sıra ölkələri, o cümlədən Macarıstan müvafiq istiqamətdə təşəbbüsləri bloklamağa çalışır və bəzən buna da nail olur", deyə Rəşad Həsənov bildirib.



Amma həmsöhbətimiz onu da qeyd edir ki, istənilən məsələ ölkələr arasında siyasi alış-veriş predmeti hesab edilə bilər:

"O cümlədən bu məsələ də. Qarşılıqlı şəkildə hər hansı güzəştlərin təmin edilməsilə Macarıstan kimi narazı ölkələrin prosesə qoşulması və ümumi konsensusun təmin olunması yolunda hansısa formada razılığa gəlinməsi də mümkün versiyalar sırasındadır".

Rəşad Həsənov düşünür ki, istənilən halda Aİ müvafiq istiqamətdə sanksiyaların təsirini artırmaq məqsədilə daha çevik, daha effektiv mexanizmlər tətbiq etməlidir:

"Çünki onların tətbiq etdiyi sanksiyalar bir sıra hallarda hədəfə tam nail ola bilmir. İndiki şərtlər daxilində bu prosesə gedilməsi kifayət qədər zaman alacaq. Eyni zamanda, bu istiqamətdə konsensusun təmin edilməsində kifayət qədər mürəkkəb kombinasiyalar, çətinliklər də ortaya çıxa bilər".

Qeyd edək ki, Avropa İttifaqı Rusiyaya münasibətdə kapitalın hərəkətinə nəzarət qoymaq və tariflər tətbiq etmək niyyətindədir. Macarıstan Aİ-nin Moskvaya qarşı iqtisadi sanksiyalarının uzadılmasına mane olarsa, bu tədbirlər tətbiq olunacaq.

"Financial Times” yazır ki, Avropa Komissiyası sanksiyaların əhəmiyyətli hissəsinin, o cümlədən Rusiyanın dondurulmuş dövlət aktivlərinin 200 milyard avrosunun Budapeştin vetosundan yan keçmək üçün başqa hüquqi bazaya köçürülə biləcəyini bildirib.

Baxılan həll yolları sanksiyaların uzadılması üçün Aİ ölkələrinin səs çoxluğunu tələb edəcək. Rusiyaya pul axınının qarşısını alacaq kapital nəzarəti və tariflər kimi ticarət tədbirləri isə müzakirə edilən ikinci variantdır.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->