Xəbər lenti

Aİ Rusiya aktivlərini daha riskli fonda yönəltmək istəyir -
Dünya 11:49 19.06.2025

Aİ Rusiya aktivlərini daha riskli fonda yönəltmək istəyir - "Politico"

Avropa İttifaqı dondurulmuş Rusiya aktivlərindən əlavə yüz milyardlarla avro gəlir əldə etməyə hazırlaşır. 

Qaynarinfo xəbər verir ki, "Politico”nun Avropa rəsmilərinə istinadla yaydığı məlumata görə, bu vəsaitlər daha riskli investisiya fonduna yönəldilə bilər və bu, Ukraynaya yardımı artırmaq potensialına malikdir.

Qeyd olunur ki, Aİ-nin icraedici orqanı hazırda Belçikada saxlanılan təxminən 200 milyard avro (təxminən 229 milyard dollar) məbləğində Rusiya dövlət aktivlərini daha yüksək gəlir gətirən, lakin risk səviyyəsi yüksək olan yeni fonda keçirməyi nəzərdən keçirir. Rəsmilərin sözlərinə görə, bu fond daha yüksək faiz gəlirləri verəcək.

Aİ-nin məqsədi – Ukraynanın müharibədən dağılmış iqtisadiyyatını ayaqda saxlamaq və dondurulmuş aktivlərdən daha çox mənfəət əldə etməkdir. Bu aktivlər 2022-ci ildə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalına cavab olaraq dondurulmuşdu.

Məqalədə vurğulanır ki, bu addım Rusiya aktivlərinin tam müsadirəsini nəzərdə tutmur. Belə bir yanaşmaya, o cümlədən Almaniya və İtaliya qarşı çıxır.

Rəsmilər bildiriblər ki, Aİ beynəlxalq hüququ pozmaqda ittihamlardan yayınmaq üçün yalnız faiz gəlirlərindən istifadə etməyi və əsas kapitala toxunmamağı planlaşdırır.

Xatırladılıb ki, 2024-cü ildə inkişaf etmiş ölkələrin G7 qrupu dondurulmuş aktivlərdən əldə edilən gəlirlər hesabına Ukraynaya 45 milyard avro (təxminən 51,5 milyard dollar) ayırmağa razılaşıb. Bu məbləğin 18 milyard avrosu Aİ-nin payına düşür və ilin sonuna qədər ödəniləcək.

Mənbələrin sözlərinə görə, Aİ maliyyə nazirləri bu məsələnin ilkin müzakirəsinə 19 iyun tarixində Lüksemburqda keçiriləcək qeyri-rəsmi naharda başlayacaqlar.

Nəşr qeyd edir ki, aktivlərin daha riskli fonda yönəldilməsi Ukrayna üçün xeyli yüksək gəlir təmin edə bilər. Lakin rəsmilər hansı növ investisiyaların nəzərdə tutulduğunu açıqlamayıblar.

Məqalədə o da qeyd olunur ki, bu addımın digər müsbət tərəfi Macarıstanın sanksiyaların uzadılmasına veto qoyaraq vəsaitləri Rusiyaya qaytarmasının qarşısını almaq baxımından sığorta rolunu oynaya bilər.

Fransa prezidenti Emmanuel Makron bundan əvvəl bəyan etmişdi ki, Rusiya aktivləri Ukraynanın müharibədən sonrakı bərpasına yönəldilməlidir. Lakin o, belə bir addım üçün hələlik "heç bir hüquqi baza” olmadığını vurğulamışdı.

Makron, eyni zamanda, Ukraynaya, xüsusilə onun ordusunun gücləndirilməsinə dəstəyin zəruriliyini qeyd edib. Onun fikrincə, sülh sazişi imzalandıqdan sonra təhlükəsizliyin əsas təminatçısı Ukrayna Müdafiə Qüvvələrinin möhkəmləndirilməsi olmalıdır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->