"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC Bakı şəhəri ərazisində məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmir edilməsi ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Xezer-Construction" MMC seçilib.
Şrikətin qiymət təklifi 2 525 226,1 manat olub. Bu məbləğə konkret olaraq hansı ərazilərdə asfalt örtüyünün təmir ediləcəyi haqqında heç bir qeyd yoxdur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Xezer-Construction" MMC 26 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130-da yerləşir. MMC-nin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur.
Açıq mənbələrdə "Xezer-Construction" MMC haqqında heç bir məlumat yoxdur. Şirkətin adicə veb-səhifəsi də mövcud deyil. Bununla belə, şirkət vaxtaşırı dövlət satınalmalarının qalibi olur.
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində fəaliyyət göstərir. MMC-nin rəhbəri Abit Əliyevdir. Abit Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun yaxın adamı hesab edilir.
"Xezer-Construction" MMC tanınmamış şirkət olsa da, tez-tez "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin tenderlərində qalibi seçilir. Ötən il şirkət MMC-nin keçirdiyi iki tenderin qalibi olub. Tenderlərdən biri Mərkəzi Nəbatat Bağının abadlaşdırılması işlərinin davam etdirilməsi, digəri isə məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmir edilməsi ilə bağlı keçirilib. Bu tenderlər üzrə satınalma müqavilələrin maliyyə dəyəri 6 443 053,43 manat və 2 540 614,99 manat təşkil edib.
Beləliklə, aydın olur ki, Bakı Şəhər İcra Hakimiyyəti ötən il də məhəllədaxili yolların asfalt örtüyünə 2,5 milyon manat xərcləyib. Lakin burada da ərazilər konkret göstərilməyib. Yəni, hansı məhəllələrdə təmir işləri aparıldığı məlum deyil.
Seyid
Şərhlər