Xəbər lenti

Botoksla bağlı sos: İflic əlamətləri ilə xəstəxanalıq oldular
Sağlamlıq 21:41 21.06.2025

Botoksla bağlı sos: İflic əlamətləri ilə xəstəxanalıq oldular

İngiltərədə botoks etdirən azı 14 nəfər danışıq çətinliyi, udqunma problemi və görmə pozuntuları kimi ciddi nevroloji əlamətlərlə xəstəxanaya yerləşdirilib. 

Qaynarinfo xəbər verir ki, mütəxəssislər bu halların ölümcül nəticələrə səbəb ola bilən botulizmlə əlaqəli ola biləcəyini bildirirlər. Lakin təhlükə düşündüyümüzdən də böyükdür.

Son illərdə estetik müdaxilələrə maraq bütün dünyada sürətlə artır. Bu çərçivədə botoks inyeksiyaları ən çox seçilən prosedurlar arasında yer alır. Üz cizgilərinin vurğulanması, qırışların azaldılması və yaşlanma təsirlərinin gecikdirilməsi məqsədilə geniş istifadə olunan botoks ümumilikdə təhlükəsiz hesab edilsə də, qeyri-peşəkar şəxslər tərəfindən tətbiq edildikdə ciddi sağlamlıq problemlərinə yol aça bilir.



İngiltərədə son günlərdə müşahidə olunan botoksla bağlı hadisələr bu tətbiqlərin potensial risklərini yenidən gündəmə gətirib. Xüsusilə ölkənin şimal bölgələrində, Durham və Darlinqtonda azı 14 nəfər botoks inyeksiyası sonrası ciddi nevroloji simptomlarla xəstəxanaya müraciət edib. Bu simptomlara göz qapağının düşməsi, ikili görmə, udqunma çətinliyi, dodaqlarda şişkinlik, peltek danışıq və keyimə daxildir.

Hadisələrin ortaq nöqtəsi, estetik məqsədlə tətbiq olunan botoks inyeksiyalarından sonra yaranan simptomların nadir, lakin ciddi bir bakterial infeksiya olan botulizmlə əlaqələndirilməsidir. Bu xəstəlik sinir sisteminə təsir edərək əzələ iflicinə və həyati təhlükəyə səbəb ola bilir.

"Botulizm əlamətlərinə diqqət yetirilməlidir"

İngiltərə Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) hazırkı hallarda istifadə olunan məhsullarda hər hansı tanınmış çirklənmə aşkar edilmədiyini açıqlayıb. Lakin qurum son vaxtlar estetik əməliyyat etdirən şəxsləri ehtiyatlı olmağa və mümkün simptomlara qarşı diqqətli davranmağa çağırıb.

UKHSA-nın sağlamlığın qorunması üzrə məsləhətçisi doktor Coann Darke bildirib:

"Botulizm nadir görülən bir infeksiyadır, lakin çox ciddi nəticələrə səbəb ola bilər. Bu vəziyyət Clostridium botulinum bakteriyasının istehsal etdiyi toksinlərlə yaranır. Həmin toksin, ‘Botoks’ və ona bənzər məhsulların da əsas təsiredici maddəsidir".



Dr. Darke müalicələrin təhlükəsiz şəkildə həyata keçirilməsi üçün yalnız lisenziyalı və təcrübəli şəxslərə müraciət olunmasının vacibliyini vurğulayıb.

Hadisələrin ictimailəşməsindən sonra botoks məhsulunun istehsalçısı olan "Allergan Aesthetics" də məsələ ilə bağlı açıqlama verib. Şirkət baş verənlərdən xəbərdar olduqlarını və yerli səhiyyə qurumları ilə birgə araşdırmalar apardıqlarını bəyan edib. Şirkətin açıqlamasında qeyd olunub: 

"Durham və Darlinqton bölgələrində botoks inyeksiyası alan bəzi şəxslərdə şübhəli botulizm hallarına dair məlumatlar almışıq. Araşdırmalar davam edir".

Mütəxəssislərdən sektorun nəzarətə götürülməsi çağırışı

Kounti Durham bölgəsinin ictimai səhiyyə direktoru Amanda Hili bölgədəki səhiyyə komandalarının UKHSA ilə sıx əməkdaşlıq etdiyini və daha çox insanın təsirlənməsinin qarşısını almaq üçün bütün zəruri addımların atıldığını bildirib.



İngiltərədə estetik sahənin zəif tənzimlənməsi bir daha gündəmə gəlib. Mütəxəssislər tibbi təhsili olmayan şəxslər tərəfindən tətbiq olunan botoks və dolğu prosedurlarının sağlamlıq baxımından ciddi risklər daşıdığını bildirirlər. Onların fikrincə, botulinum toksin inyeksiyaları yalnız tibbi təhsil almış mütəxəssislər tərəfindən həyata keçirilməlidir.

Botulizmin təhlükələri

Botulizm əzələlərin iflicinə səbəb ola bilən ağır bir nevroloji xəstəlikdir. Düzgün tətbiq olunmayan toksin inyeksiyaları halsızlıq, nəfəsalmada çətinlik və udqunma problemi kimi əlamətlərlə özünü göstərə bilər. Müalicə edilmədiyi halda iflicə və hətta ölümə səbəb ola bilər. Araşdırmalara görə, botulizm hallarının təxminən 10%-i ölümcül nəticələnir.

Estetik prosedurlarda qeyri-qanuni bazar böyüyür

İngiltərədə kosmetik prosedurlara marağın artdığı məlum olsa da, bu tətbiqlərin nə qədər geniş yayıldığına dair rəsmi məlumat yoxdur. Bunun əsas səbəbi, botoks və bənzər estetik prosedurların hüquqi cəhətdən mümkünsə də, tibbi səriştəsi olmayan şəxslər tərəfindən də həyata keçirilə bilməsidir. Bu vəziyyət Avropanın bir çox ölkəsində də müşahidə olunur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->