Xəbər lenti

Bunu Azərbaycan dövləti və xalqından öyrənmək mümkündür - Professor
Siyasət 13:40 02.05.2025

Bunu Azərbaycan dövləti və xalqından öyrənmək mümkündür - Professor

(Yazı "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusu üzrə hazırlanıb.)  

Hər bir özünə hörmət edən dövlətin başlıca vəzifələrindən biri də vətəndaşların milli mənlik şüurunun inkişafı məsələsidir. Belə ki, adətən əhalisinin milli mənlik şüurunun yüksək olduğu dövlətlər öz müstəqillik və suverenliklərini daha ardıcıl və inadcıl şəkildə qorumaq gücünə malik olurlar. 

Bu mənada Azərbaycan da milli mənlik şüurunun güclənməsinə xüsusi önəm verir və bu sahədə mühüm addımlar atılıb. Bunun bariz nümunəsi kimi 44 günlük Vətən Müharibəsini göstərmək olar. Qələbənin əldə edilməsində digər amillərlə yanaşı, heç şübhəsiz ölkəmizdə milli mənlik şüuru və vətənpərvərlik hissələrinin güclü olması da öz sözünü deyib. Hətta demək olar ki, Azərbaycanın gənc nəslin milli mənlik şüurunun, vətənpərvərlik hissələrinin qorunması, inkişafı istiqamətindəki əvəzsiz təcrübəsi dünya ölkələri üçün də bir örnək rolunda çıxış edə bilər. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlunun fikrincə, qlobal dünyanın bir hissəsi olaraq Azərbaycan da təəssüf ki, milli mənəvi dəyərlərə zərbə vuran zərərli təsirlərdən kənarda qalmayıb. Professor deyir ki, ancaq ölkəmizdə milli mənəvi dəyərlərin yüksək şəkildə qorunması Azərbaycanı ümumən bu təsirlərdən qoruya bilib:
 


"Müasir dövrdə milli mənlik şüuru məsələsi ən aktual məsələlərdəndir. Çünki milli mənlik şüur səviyyəsinə müxtəlif amillərin neqativ təsirləri haqqında danışmaq üçün ciddi əsaslar mövcuddur. Hazırda qloballaşmanın təsirlərinə məruz qalırıq. Qloballaşma özünün iqtisadi xarakterindən çıxaraq, artıq digər sahələrdə də təsir alətinə çevrilib. Ayrı-ayrı fərdlərin şüurlarına təsir edərək, onları etnomilli identiklərindən uzaqlaşdırmaqla rahat idarə olunan vəziyyətə gətirməyə yönəlik ciddi cəhdlər edilir. Yad dəyərlərin cəmiyyətə aşılanması, gənc nəslin şüur altına müxtəlif kontentlər üzərindən yeridilməsi geniş yayılmış bir təcrübədir. Qlobal dünyanın bir hissəsi olaraq Azərbaycan da təəssüf ki, belə təsirlərdən kənarda qalmayıb. Bu təsirlərdə başlıca məqsəd də milli mənlik şüurunu zəiflətməkdir. Belə olanda da kütləni rahat şəkildə yönləndirmək mümkün olur".

Həmsöhbətimiz qeyd edir ki, Azərbaycan xalqı milli mənlik şüurunun güclü olduğu dünyanın az saylı xalqlarındandır:

"Xalqımız öz milli mədəni dəyərlərinə çox bağlıdır. Bu da mütləq şəkildə torpaqla, vətənlə bağlıdır. 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan gəncinin öz doğma vətəninə nə dərəcədə qırılmaz tellərlə bağlı olduğunu gördük. Milli mənlik şüuru olmayan şəxs torpağı uğrunda vuruşa bilməz, dövlətinin suverenliyi, müstəqilliyi haqqında düşünə bilməz. Azərbaycan vətəndaşı isə 44 günlük müharibədə göstərdiyi sücayətlə öz vətəninə sıx bağlı olduğunu bir daha göstərdi".

Bu baxımdan da ekspertə görə, milli mənlik şüuru dövlətimizin gücünü, cəmiyyətimizin monolitliyini sağlam, davamlı və möhkəm edən əsas amillərdən biridir:

"Ölkəmizdə yaşayan digər müxtəlif xalqların milli mənlik şüurunun möhkəmləndiriməsi də hər zaman diqqət mərkəzində olub. Onun nəticəsidir ki, Azərbaycanın multikulturalizm modeli dünya üçün bir örnəkdir. Milli mənlik şüurunu necə saxlamaq, möhkəmləndirmək lazım olduğunu Azərbaycan dövləti və xalqından öyrənmək mümkündür. Bunu edənlər qazanacaqlar. Çünki bu məsələyə ölkəmizdə çox həssas yanaşma mövcuddur".

Rüfət Sultan

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->