Xəbər lenti

Dünyanın İstanbul danışıqlarına reaksiyası - İlk bəyanatlar
Dünya 11:05 17.05.2025

Dünyanın İstanbul danışıqlarına reaksiyası - İlk bəyanatlar

"Türkiyədə keçirilən danışıqlar göstərdi ki, Rusiya Federasiyası xoşniyyət nümayiş etdirmək niyyətində deyil".

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirak edən Polşanın baş naziri Donald Tusk bildirib. 

RMF24-ün yazdığına görə, o qeyd edib ki, siyasətçilərin əsas vəzifəsi Ukrayna müharibəsi məsələsində Avropa və Amerika birliyini qorumaqdır:

"Rusiya tərəfi danışıqları ABŞ nümayəndələrinin iştirakı ilə aparmaq istəmirdi. Onların irəli sürdüyü şərtlər təkcə Ukrayna üçün deyil, bizim hamımız üçün qəbuledilməz idi. Biz gizlətmirik ki, Rusiyanın mövqeyini konstruktiv adlandırmaq mümkün deyil. Yəqin ki, bizi hələ çox ağır günlər gözləyir".

Bu arada Böyük Britaniyanın baş naziri Kir Starmer sosial şəbəkə platforması X-də yazıb ki, Kreml rəhbəri Putin sülhə qarşı çıxış etdiyinə görə cavab verməlidir: 

"Ukraynada və bütün dünyada insanlar Putinin təcavüzü üçün bədəl ödəyiblər, indi isə o, sülhdən yayınmanın əvəzini ödəməlidir. Mən Rusiyanın atəşkəsi pozmasına imkan verməyəcəyəm. Vladimir Zelenski, Böyük Britaniya hər zaman Ukraynanın yanındadır".

Məlum olduğu kimi, 2022-ci ildən bəri ilk birbaşa görüş zamanı Ukrayna və Rusiya nümayəndələri atəşkəsin elanını, 1000-ə 1000 formatında genişmiqyaslı əsir mübadiləsini və prezident Volodimir Zelenski ilə Putinin mümkün şəxsi görüşünü müzakirə ediblər.

Danışıqlara təşəbbüs göstərən tərəf məhz Rusiya olub. Bu, ABŞ və Avropa İttifaqının israr etdiyi atəşkəsdən imtinanı "kompensasiya etmək" məqsədi daşıyır.

Mətbuatda yayılan məlumatlara görə, görüş zamanı Rusiya nümayəndə heyəti Ukraynadan işğal olunmuş və Rusiyanın konstitusiyasına salınmış ərazilərdən qoşunlarını çıxarmağı tələb edib.

"The Economist”in jurnalisti Oliver Kerrol yazır ki, Putin müşaviri ukraynalı tərəfə Rusiyanın "əbədi müharibəyə" hazır olduğunu bildirib. O, əlavə edib ki, oradakı insanlar "daha çox yaxınlarını itirə bilərlər".

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->