"Sosial şəbəkə videoları daşınmaz əmlak bazarının balansını pozur"
Son illərdə texnologiyanın sürətli inkişafı və sosial medianın gündəlik həyata nüfuz etməsi əmlak sektorunda da yeni tendensiyalara yol açıb. Xüsusilə fərdi şəxslərin sosial şəbəkələrdə əmlak satışı məqsədilə çəkib paylaşdıqları videolar bir tərəfdən yeni imkanlar yaratsa da, digər tərəfdən bazarın strukturuna və peşəkar əmlakçıların fəaliyyətinə ciddi təsir göstərir.
Məsələnin aktuallığını nəzərə alan Femida Real Estate Əmlak Şirkəti həyəcan təbili çalır. Şirkətin direktoru Həsən Həsənov fikirlərini Qaynarinfo ilə bölüşüb.
Günümüzdə müvcud olan rəqəmsal rahatlıq daşınmaz əmlak bazarında hüquqi təhlükələrə səbəb ola bilər.
Əmlak alqı-satqısında sosial medianın istifadəsi alıcı və satıcılar üçün ilkin ünsiyyət imkanlarını artırır, lakin bu sadələşmə hüquqi və təhlükəsizlik risklərini də özü ilə gətirir. Belə ki, video vasitəsilə potensial alıcının daşınmaz əmlakın yerləşdiyi ərazini müəyyən etmək və daşınmaz əmlakın sahibinə bir başa çıxış imkanı yaranır. Bu isə daşınmaz əmlak alqı-satqısı prosesində əmlakçıları kənarda qoyur. Bu tip videoları paylaşanlar əmlakçılıqdan uzaq olan şəxslərdir, onlar sadəcə reklamdan gəlir əldə etməklə özlərini xilas edirlər, nəticədə isə peşəkar əmlak sahəsində ciddi problemlər yaradırlar.
Yaranmış vəziyyətə görə peşəkar xidmətlər kölgədə qalır.
"Femida Real Estate" Əmlak Şirkətinin rəhbəri Həsən Həsənov bildirir ki, bu proseslər əmlak sektorunun peşəkar strukturuna zərbə vurur:
"Fərdi şəxslərin özbaşına çəkib paylaşdığı videolar əmlakçılıq sahəsində mütəxəssis rolunu dəyərdən salır. Halbuki peşəkar əmlakçı yalnız alıcı ilə satıcını bir araya gətirmir, eyni zamanda hüquqi riskləri azaldır, qiymətləndirmə və sənədləşmə prosesində düzgünlüyü təmin edir.”
Həsənovun fikrincə, bu cür paylaşımlar nəticəsində alıcılar bəzən real bazar qiymətlərini düzgün qiymətləndirə bilmir və ya sənədlərdə olan boşluqları görmədən alqı-satqı əməliyyatına daxil olurlar. Nəticədə isə ya hüquqi problemlərlə üzləşirlər, ya da maddi zərərə düşürlər.
Buna görə də Bazar tənzimlənməsi və hüquqi nəzarət zəruridir. Hazırda bu sahədə normativ tənzimləmə demək olar ki, yoxdur. Əmlak bazarının rəqəmsal müstəviyə keçidi dövlət və özəl sektor arasında daha koordinasiyalı əməkdaşlıq tələb edir. Həm hüquqi mexanizmlərin gücləndirilməsi, həm də maarifləndirmə tədbirlərinin genişləndirilməsi vacibdir.
Həsən Həsənov bu istiqamətdə təkliflərini də səsləndirir:
"Təklif edirik ki, sosial şəbəkələrdə əmlak satışı ilə bağlı paylaşımlar üçün müəyyən nəzarət mexanizmləri tətbiq olunsun. Hər bir təqdim olunan əmlak barəsində əsas hüquqi sənədlərin mövcudluğu təsdiq edilməli və platformalar da bu məsuliyyəti bölüşməlidirlər.”
Sosial medianın yaratdığı imkanlar danılmazdır, lakin bu imkanlardan düzgün istifadə edilmədikdə əmlak bazarının sağlam inkişafı üçün təhlükəyə çevrilə bilər. Mütəxəssislərin və şirkətlərin səsi bu mərhələdə eşidilməzsə, yaxın gələcəkdə əmlakçılıq peşəsinin peşəkar statusu ciddi zərbə ala bilər. Buna görə də hər bir alıcı və satıcı rəqəmsal rahatlıqla bərabər hüquqi təminatı da nəzərə almalı, bu prosesə mütəxəssis iştirakı ilə yanaşmalıdır.
Şərhlər