Pakistan və Hindistan qırıcılarının iştirakı ilə baş vermiş hava döyüşü, Pakistan rəsmilərinin sözlərinə görə, beş hind qırıcısının vurulması ilə nəticələnib.
Qaynarinfo xəbər verir ki, CNN bu döyüşü "müasir aviasiya tarixinin ən böyük və ən uzunmüddətli döyüşlərindən biri”
adlandırıb.
Telekanal bu qarşıdurmanı "it döyüşü” — yəni intensiv və manevrlərlə dolu hava döyüşü kimi təsvir edib.
Bir saatdan çox davam edən qarşıdurmaya hər iki tərəfdən ümumilikdə 125 qırıcı təyyarə cəlb olunub. Qırıcılar öz hava məkanlarını tərk etməyiblər.
Mənbələrin bildirdiyinə görə, bəzi hallarda raketlər 160 kilometrdən çox məsafədən buraxılıb.
CNN qeyd edir ki, bəzən Hindistan Hərbi-Hava Qüvvələri hədəflərə bir neçə dəfə hücum etməli olub.
Eyni zamanda, Pakistan Hindistan tərəfindən mümkün hücum hədəfi kimi qiymətləndirdiyi bölgələrdə dinc əhalini öncədən xəbərdar etmək üçün əlindən gələni edib və bununla da mülki itkiləri minimuma endirməyə çalışıb.
Xatırladaq ki, çərşənbə günü, 7 may gecəsi Hindistan "Sindur” adlı hərbi əməliyyata başladığını elan edərək, Pakistan ərazisində – xüsusilə sıx məskunlaşmış Pəncab vilayətində və Pakistanın nəzarətində olan Kəşmir hissəsindəki "terror infrastrukturlarına” raket zərbələri endirib. Hindistan iddia edir ki, vurulan doqquz obyekt yalnız "terrorçu verbovkası, buraxılış məntəqələri və ideoloji mərkəzlər” olub və "heç bir mülki, iqtisadi və ya hərbi Pakistan hədəfi” zərbəyə məruz qalmayıb.
Əvəzində Pakistan bəyan edib ki, hücum nəticəsində azı 26 mülki şəxs həlak olub, 46 nəfər yaralanıb. Pakistan hakimiyyəti Hindistanın zərbələrini "təxribat xarakterli və dəhşətli müharibə aktı” adlandırıb. CNN-nin məlumatına görə, Hindistanın hücumu zamanı Pakistan Müdafiə Qüvvələri özünümüdafiə məqsədilə Hindistan Hərbi-Hava Qüvvələrinə məxsus beş qırıcı (üç Rafale, bir MiQ-29, bir Su-30) və bir Heron pilotsuz uçuş aparatını vurub. Pakistanın Baş naziri Şahbaz Şərif hücuma cavab olaraq "intiqam zərbəsi” vəd edib.
Aprel ayının sonundan Hindistan və Pakistan arasında gərginlik o qədər artıb ki, münasibətlərin kəsilməsi və birbaşa silahlı toqquşma təhlükəsi yaranıb. Bu, 22 aprel tarixində Hindistanın Cammu və Kəşmir dağlıq bölgəsində turistlərə qarşı törədilmiş hücumdan sonra baş verib — nəticədə 26 nəfər həyatını itirib. Onlardan biri Nepal vətəndaşı olub, digərləri Hindistan vətəndaşlarıdır.
Hindistan hücuma görə məsuliyyəti Pakistana yükləyərək bu hadisəni "turistlərə qarşı alçaq terror aktı” adlandırıb.
Hindistan və Pakistan hər ikisi nüvə silahına sahib ölkələrdir. Onlar arasındakı qarşıdurma onilliklərdir davam edir. 1947-ci ildə Britaniya öz müstəmləkəsi olan Britaniya Hindistanına müstəqillik verib və bu ərazi iki dövlətə — hinduist Hindistana və müsəlman Pakistanına bölünüb. Cammu və Kəşmir kimi mübahisəli bölgələr isə nəticədə Hindistan, Pakistan və Çin arasında bölünüb. Lakin bu ərazilər uğrunda mübarizə 80 il keçməsinə baxmayaraq, hələ də davam edir.
Alpər
Şərhlər