ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibənin tezliklə başa çatmasına nail olmaq istəyi elə bir vəziyyət yaradıb ki, Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya lideri Vladimir Putin bütün gücləri ilə Trampın qəzəbinin əsas hədəfi kimi bir-birini göstərməyə çalışırlar.
Qaynarinfo "The New Yorker”ə
istinadla yazır ki, Moskvadakı xarici siyasət sahəsində çalışan bir məmurun sözlərinə görə, əgər Trampın vasitəçilik cəhdləri uğursuzluğa düçar olsa, o zaman Trampın "Moskvadakı inadkarlığı” yoxsa "Kiyevin onun şərtlərinə razılaşmaq istəməməsini” günahkar sayacağı önəm daşıyır. Buna görə də həmin məmur deyir: "Hər iki tərəf tək bir tamaşaçı üçün səhnə qurur”.
Ağ Evin keçmiş Rusiya üzrə müşaviri Tomas Qrem isə qeyd edir:
"Putin incə bir xətt üzrə hərəkət etməyə çalışır. O, Ukrayna ilə bağlı heç bir güzəştə getmək istəmir, amma eyni zamanda ABŞ-ın prosesdə iştirakını davam etdirməsini istəyir”.
Rusiya tərəfi isə gündəlikdəki mövzuların sayını artırmağa çalışır. Rusiya rəsmisi nəşrə bildirib:
"Gəlin diplomatik münasibətlər, Arktikada əməkdaşlıq və ya kosmos, İran istiqaməti barədə danışaq... Bütün bunlar Trampa göstərmək üçündür ki, Moskva ilə Vaşinqton arasındakı münasibətlər yalnız Ukraynadan ibarət deyil”.
Bəzən Trampın bu təkliflərə maraq göstərməsi Putini tempi azaltmamağa sövq edir. Karnegi fondunun Rusiya və Avrasiya Mərkəzinin baş elmi işçisi Tatyana Stanovaya deyir:
"Putinin əldə etmək istədiyi bir çox şey artıq Ukrayna üzrə danışıqlarla bağlıdır. Bu da onun öz mövqeyinə yenidən baxmasına səbəb olur – böyük hərbi məqsədlərindən deyil, məhz indi və burada bu məqsədlərə necə çatmaq istədiyindən”.
Eyni zamanda "The New Yorker” qeyd edir ki, son vaxtlar Trampın Putinə təzyiqləri artırmaq niyyətində olduğuna dair bəzi əlamətlər görünür. Bu xüsusilə neft sanksiyaları ilə bağlı özünü göstərir.
Karnegi Mərkəzinin Rusiya iqtisadiyyatı və valyuta siyasəti üzrə eksperti Aleksandra Prokopenko bildirir ki, yeni sanksiyaların Putinə vuracağı ziyan ağrılı olsa da, "fəlakət gətirəcək səviyyədə deyil”.
Zelenski də Putinin yanaşdığı prinsipə əsaslanır: problem yaradan olma. "The New Yorker” yazır ki, Vatikan görüşündə Zelenskinin Trampı atəşkəslə bağlı danışıqların ləngiməsində Putinin günahkar olduğuna inandırmaqda müəyyən uğur qazandığı görünür.
Ukrayna və Rusiyanın strategiyalarında əsas fərqlər
Bir Avropa rəsmisinin dediyinə görə, Zelenskinin Trampın sülh təşəbbüslərinə verdiyi korrektələr konkret və taktiki xarakter daşıyır. Ukrayna Trampın əvvəlcə atəşkəs, sonra isə müharibənin dayandırılması üzrə danışıqlar aparmaq mövqeyini dəstəkləyir.
Rusiyanın yanaşması isə əksinədir: əvvəlcə hər şeyi müzakirə etmək, yalnız bundan sonra müharibəni dayandırmaq. Belə yanaşma Tramp və Putini daha irimiqyaslı və strateji çıxılmaz vəziyyətə sala bilər.
Avropa rəsmisi vurğulayır: "Putin Trampın istədiyini istəmir – yəni Ukraynada davamlı sülhü. Əsas fərq də buradadır – Ukrayna müharibənin dayandırılmasını istəyir, Rusiya isə yox”.
Alpər
Şərhlər